MƏDƏNİYYƏT
ƏZİM ƏZİMZADƏNİN EV MÜZEYİNDƏ KARİKATURA SƏRGİSİ AÇILMIŞDIR
Əzim Əzimzadənin ev muzeyində reallaşan tədbirdə ölkəmizin 10 karikaturaçı rəssamının 30-dan artıq əsəri nümayiş etdirilir.
Açılış mərasimində əməkdar rəssam Arif Hüseynov, muzeyin baş elmi işçisi İradə Əzimzadə, sənətşünaslıq doktoru, professor Nurəddin Həbibov və başqaları çıxış edərək, sərginin əhəmiyyətindən, Ə.Əzimzadənin çoxşaxəli yaradıcılıq fəaliyyətindən danışmışlar. Ölkəmizdə karikatura sənətinin inkişafında Ə.Əzimzadənin əvəzsiz xidmətlərindən söz açan natiqlər bildirmişlər ki, “Molla Nəsrəddin” və “Kirpi” jurnallarında satirik rəsmləri və siyasi karikaturaları ilə çıxış edən sənətkar teatr-dekorasiya sənəti sahəsində, teatr tamaşalarının geyim esgizlərinin hazırlanmasında da geniş fəaliyyət göstərmişdir. O, həm də gözəl təşkilatçı olmuş, Azərbaycan Xalq Maarif Komissarlığının incəsənət şöbəsinə rəhbərlik etmişdir. Yazıçılarımızın bir sıra əsərlərinə bədii tərtibat vermiş, illüstrasiyalar çəkmişdir.
Karikaturaçı rəssam, beynəlxalq müsabiqələrin mükafatçısı Hafiz Nəsiroğlu burada əsərləri sərgilənən rəssamlar adından çıxış edərək, onların böyük sənətkarın ev müzeyində nümayiş olunmasından iftixar duyduqlarını vurğulamış, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.