Beş minə yaxın kiçik yaşlı tamaşaçı Yeni il tətilində Sumqayıt teatrının qonağı olub
Sumqayıt, 7 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti hər il olduğu kimi, bu il də Yeni il tətilində maraqlı təqdimatı ilə uşaqlara unudulmaz sevinc bəxş edib.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov AZƏRTAC-a bildirib ki, dekabrın 28- dən başlayaraq hər gün bir neçə seans tamaşa nümayiş olunub. Yeni il şənliyinə ümumilikdə 5 minə yaxın kiçik yaşlı tamaşaçı qatılıb.
“İlin şahı” Yeni il tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədov, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Tamaşa karnaval estetikası üzərində qurulub. Şaxta baba ilə Qar qızın, pyesin tərkibində olan digər personajların - tülkü, Bondar, toyuq və siçanın şən rəqsləri, zarafatları maraqla qarşılanıb.
Yeni il ərəfəsində və 2020-ci ilin ilk günlərində nümayiş olunan bayram tamaşasında Əməkdar artistlər Sədaqət Nuriyeva, İzaməddin Bağırov və aktyorlar Cavanşir Eyyubzadə, Aynur Hümmətova, Etibar Əmirov İradə Zeynalova, Məryəm Hüseynli çıxış edib.