Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” keçid məntəqəsi fasilələrlə işləyəcək
Tbilisi, 13 noyabr, AZƏRTAC
Gürcüstan ilə Türkiyə arasındakı “Sarpi” sərhəd-keçid məntəqəsi noyabrın 13-dən 15-dək fasilələrlə işləyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Bildirilir ki, sərhəd-keçid məntəqəsində fasilənin yaranması Türkiyə tərəfində aparılan təmir-bərpa işləri ilə əlaqədardır. Qeyd edilən tarixlərdə hər gün saat 12:00-dan 15:00-dək sərhəd-keçid məntəqəsində iş tam dayandırılacaq. Məhdudiyyət həm piyada, həm də avtomobil keçidlərində tətbiq olunacaq.
Sərhəd-keçid məntəqəsi təmir işləri başa çatandan sonra tam fəaliyyətə başlayacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi