DÜNYA
Hindistan hökuməti “Boeing 737 Max 8” təyyarələrinin uçuşunu dayandırıb
Bakı, 13 mart, AZƏRTAC
Hindistan Efiopiyada “Boeing 737 Max 8” təyyarəsinin qəzaya uğramasından sonra bu növ təyyarələrin uçuşunu dayandıran ölkələr sırasına qoşulub.
AZƏRTAC xəbər verir ki, Hindistan Mülki Aviasiya Baş İdarəsi ölkənin hava yolları şirkətlərinin sərəncamında olan "Boeing 737 Max 8" təyyarələrinin müvafiq təhlükəsizlik işləri tamamlana qədər uçuşlardan kənarlaşdırılması barədə qərar qəbul edib.
Hindistan hökumətinin bu qərarı Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin qitədə bu tip təyyarələrin uçuşlarını dayandırması barədə qərarından dərhal sonraya təsadüf edir. Mülki Aviasiya Baş İdarəsində ölkənin aviasiya şirkətlərinin nümayəndələri ilə keçirilən təcili görüşdə aviadaşıyıcılar qərar barədə məlumatlandırılıblar. Hazırda Hindistanda "SpiceJet" və "Jet Airways" şirkətlərinin sərəncamında ümumilikdə 17 belə təyyarə var.
Qeyd edək ki, "Efiopiya Hava Yolları"na məxsus "Boeing 737 Max 8" təyyarəsinin qəzaya uğraması nəticəsində 35 ölkədən olan 157 nəfər həlak olub. Bu insidentdən sonra Çin, Efiopiya, İndoneziya, Sinqapur, Cənubi Koreya, Avstraliya, Avstriya da daxil olmaqla bəzi ölkələr eyni tip təyyarələrin istifadəsini və ölkə üzərindən uçuşlarını dayandırıb.