Sumqayıtda ənənəvi xeyriyyə aksiyası: “Mərhəmətli olmağa tələsin”
Sumqayıt, 28 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda hər il Yeni il ərəfəsində "Mərhəmətli olmağa tələsin" adlı xeyriyyə aksiyası keçirilir. Builki aksiya hələ davam etsə də, artıq 150 uşaq bayram sevincini yaşayıb. Layihə 12 ildir ki, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin iştirakı ilə keçirilir və imtiyazlı ailələrdə yaşayan uşaqlar sevindirilir.
Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova AZƏRTAC-a açıqlamasında deyib: “Bölməmiz və könüllərin fəal iştirakı ilə "Mərhəmətli olmağa tələsin" xeyriyyə aksiyası çərçivəsində artıq bir sıra tədbirlər reallaşıb. Tədbirlərdə SOCAR Polymer və PASHA Life, Sumqayıt Regional Mədəniyyət İdarəsi, Milli Məclisə Sumqayıtdan seçilən deputatları həvəslə iştirak ediblər. Aksiya çərçivəsində şəhərin Poeziya evində keçirilən tədbirə hər iki valideynini itirmiş, fiziki məhdudiyyətli, tək ana himayəsində olan 80 uşaq qatılıb. Onların hər birinə bayram sovqatı - isti geyim və ayaqqabılar təqdim olunub”.
Vətən müharibəsində şəhid və qazi olan qəhrəmanların ailələri üçün təşkil edilən Yeni il şənliyində iştirak edən 50 uşağa da sovqat verilib. M.Məhərrəmova, həmçinin bildirib ki, deputatların təqdim etdiyi siyahı əsasında aztəminatlı seçicilərin övladlarına - 20 uşağa geyim paylanıb: “Eyni zamanda, bölməyə fərdi qaydada müraciət edənlər də unudulmayıb. Onların arasında sağlamlıq imkanı məhdud olan Cəmilə Məmmədli də var. Qız balamızın əlil arabası köhnəldiyi üçün ona yeni araba təqdim olunub”.
Bölmə sədri aksiyaya əvvəlcədən ciddi hazırlıq işlərinin görüldüyünü vurğulayıb. Belə ki, öncədən siyahı tutulub, uşaqların ehtiyacları öyrənilib və nəticədə hər kəsə uyğun qış geyimləri, ayaqqabı alınıb paylanılır.
Tədbirlərdə iştirak edən valideynlər necə illərdir bu aksiyadan bəhrələnən uşaqlarına maddi və mənəvi dəstək olan təşkilatçılara, xeyriyyəçilərə təşəkkürlərini bildiriblər.