ELM VƏ TƏHSİL


Təhsil idarəçiliyi sahəsində məktəb yaratmış pedaqoq - akademik Mehdi Mehdizadə

Yanvarın 18-i görkəmli alim və maarifçi Mehdi Mehdizadənin doğum günüdür

Bakı, 18 yanvar, AZƏRTAC

Görkəmli alim, pedaqoq, Əməkdar elm xadimi, akademik Mehdi Mehdizadənin təhsilimizin, elmimizin inkişafında mühüm rolu olub. Müəllimliklə alimlik onun şəxsiyyətində daim vəhdətdə olub, bir-birini tamamlayıb. Akademik Mehdi Mehdizadə təhsil idarəçiliyi sahəsində əsl məktəb yaradıb. Böyük pedaqoqun yaratdığı həmin məktəb bu gün də öz əhəmiyyətini itirməyib.

AZƏRTAC xəbər verir ki, yanvarın 18-i görkəmli alim, Mehdi Mehdizadənin doğum günüdür. O, 1903-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) və bir müddət Qaryagin (Füzuli) şəhərində fizika və riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub. 1941-ci ildə namizədlik, 1956-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və digər sahələrdə müxtəlif vəzifələrdə çalışmış Mehdi Mehdizadə 1961-ci ildə respublikanın xalq maarifi naziri seçilərək səmərəli fəaliyyət göstərib. O, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olub.

Görkəmli təhsil qurucusu və təşkilatçısı akademik Mehdi Mehdizadə pedaqogika və təhsilə dair çoxlu sayda monoqrafiya və məqalənin müəllifidir. Alimin elmi yaradıcılığı əsasən təlimin təşkili, dərsin qurulması və aparılması məsələlərinə, məktəb və pedaqoji fikir tarixinin araşdırılmasına həsr edilib. Onun 1960-cı illərin əvvəllərində Azərbaycan, rus və digər dillərdə çap etdirdiyi elmi məqalələr, kitablar, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda söylədiyi məruzələr Azərbaycan məktəbinin və pedaqoji elminin dünyada tanınmasına təkan verib. Alimin “Azərbaycan məktəbləri yenidənqurma yollarında”, “Məktəbdə təlim-tərbiyə işlərinin yenidən qurulması” kitabları, “Təlimin məhsuldar əməklə birləşdirilməsinə dair bəzi qeydlər”, “Məktəb sisteminin yenidən təşkili məsələlərinə dair qeydlər”, “Dərsdə şagirdlərin fəallığını artırmaq haqqında bəzi qeydlər” və digər məqalələri apardığı elmi tədqiqatların nə qədər əhəmiyyətli və çoxsahəli olduğuna dəlalət edir. Onun “Məktəbdə təlim-tərbiyə işinin yenidən qurulmasının bəzi məsələləri”, “Azərbaycan xalq maarifi yeni yüksəlişdə” monoqrafiyaları ciddi elmi-nəzəri və praktik əhəmiyyəti ilə yalnız Azərbaycanda deyil, Sovetlər İttifaqında elmi-pedaqoji ictimaiyyət arasında maraqla qarşılanıb.

Akademik Mehdi Mehdizadə 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın, Moskvada nəşr olunan dördcildlik “Pedaqoji Ensiklopediya”nın, ikicildlik “Pedaqoji lüğət”in müəlliflərindən biri kimi tanınır. Çox məsuliyyətli dövlət vəzifələrində çalışması onu 1930-cu ildən başladığı elmi-pedaqoji tədqiqatlarından bir an belə ayırmayıb, həmin işləri ömrünün sonuna qədər sistemli şəkildə davam etdirib, məhz bu cür aydın məqsəd, ardıcıl səyin, fəaliyyətin nəticəsində respublikamızda pedaqogika elminin formalaşmasına müsbət təsir göstərib. Onun ölkəmizdə məktəb quruculuğu, təhsilin məzmunu, təlim metodlarının təkmilləşdirilməsi, tərbiyəvi işlərin, xalq maarifinin idarə olunmasının səmərəliliyinin artırılması sahəsindəki tədqiqatları pedaqoji ictimaiyyət arasında geniş yayılıb, onların nəticələrinin tətbiqi təhsil sistemimizə böyük fayda verib. Həyatının son illərində tamamladığı “Məktəb və məktəbli şəxsiyyətinin hərtərəfli inkişafı”, “Azərbaycanda məktəb təhsilinin və pedaqoji fikrin inkişafı” əsərləri görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilib.

Görkəmli pedaqoqun ən böyük xidmətlərindən biri Azərbaycanda məktəb tarixinin 1920-ci ildən sonrakı dövrünün öyrənilməsi ilə bağlıdır. Xüsusilə ötən əsrin 20-30-cu illərindəki təhsil quruculuğu axtarışları, birinci və ikinci dərəcəli məktəblərdən vahid əmək, politexnik məktəblərə doğru inkişaf, müxtəlif təlim metodlarının tətbiqi, kompleks proqramlar və digər mühüm pedaqoji məsələlərin həlli onun tədqiqatlarının aparıcı qollarını təşkil edir.

Akademik Mehdi Mehdizadənin yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidmətləri olub, onun rəhbərliyi ilə neçə-neçə namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib. O, eyni zamanda, Moskva, Tbilisi, Bakı və digər şəhərlərin elmi şuralarında müdafiə edilən onlarca namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olub. Xalq maarifinin və pedaqogika elminin aktual məsələləri ilə əlaqədar böyük əhəmiyyət daşıyan tədbirlərin təşkilində həmişə fəal iştirak edib, dərin məzmunlu mühazirələr oxuyub, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxtəlif komissiyalarına bacarıqla rəhbərlik edib.

Səmərəli xidmətlərinə görə akademik Mehdi Mehdizadə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Görkəmli alim və pedaqoq Mehdi Mehdizadə 1984-cü ildə dünyasını dəyişib. Nümunəvi həyat yolu keçmiş bu böyük şəxsiyyətin adı bu gün də ölkəmizin təhsil ictimaiyyəti arasında fərəhlə, iftixarla xatırlanır, dərin hörmətlə anılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.