COP29
® COP29 konfransı çərçivəsində “Agro Dairy” stendi uğurla təmsil olunub
COP29 konfransı çərçivəsində “PAŞA Holdinq”in Yaşıl Zona pavilyonunda “Agro Dairy” stendi Azərbaycanda iqlimə davamlı və yaşıl kənd təsərrüfatı mövzusunda təcrübəsini uğurla təqdim edib.
Şirkət 11 gün ərzində iqlim dəyişmələri və onun fəsadlarına qarşı mübarizəyə töhfə verən kənd təsərrüfatı sahəsindəki layihələr, innovativ həllər və texnologiyaları nümayiş etdirərək ziyarətçilərin böyük marağına səbəb olub.
“Agro Dairy” nümayəndələri şirkətin davamlı kənd təsərrüfatı sahəsində əldə etdiyi nailiyyətləri, aqrar sahədə müasir texnologiyaların tətbiqi üzrə təcrübəsini və ekoloji yanaşmalarını interaktiv xəritələr və promo videolar vasitəsilə əhatəli şəkildə təqdim ediblər.
“Qida, Kənd Təsərrüfatı və Su Günü” çərçivəsində “Agro Dairy” şirkətinin icraçı direktoru Niyazi Əmirbəyovun moderatorluğu ilə “Dayanıqlı kənd təsərrüfatı” mövzusunda panel müzakirəsi təşkil olunub. Sessiyada Niyazi Əmirbəyov yaşıl kənd təsərrüfatı sahəsində şirkət yanaşmasını iştirakçılarla bölüşərək, panelistlərlə birlikdə bioloji müxtəlifliyin qorunması və kənd təsərrüfatının həm iqtisadi, həm də ekoloji cəhətdən dayanıqlılığının təmin edilməsi üçün ən yaxşı təcrübələr ətrafında fikir mübadiləsi aparıb.
Eyni gün “Azərbaycan kənd təsərrüfatı ekosistemi” mövzusunda keçirilən digər panel sessiyasında “Agro Dairy”nin Strategiya və Rəqəmsallaşdırma üzrə rəhbəri Maksimilian Hartiq iqlim dəyişikliyinin kənd təsərrüfatı və əlaqəli ekosistemlərə təsirini müzakirə edib. O, iştirakçılara iqlim dəyişikliklərinə qarşı adaptasiya strategiyaları və qabaqcıl texnologiyaların tətbiqinin əhəmiyyəti barədə öz təcrübə və təkliflərini bölüşüb.
Tədbirlərdə media nümayəndələri, müxtəlif şirkətlərin əməkdaşları və beynəlxalq tərəfdaşlar iştirak ediblər.
“Agro Dairy” COP29 konfransı çərçivəsində keçirilən bu tədbirlərdə innovasiya, dayanıqlılıq və beynəlxalq əməkdaşlıq məsələlərini ön planda saxlayıb. Şirkətin təqdim etdiyi həllər və yanaşmalar təkcə Azərbaycanın deyil, həm də qlobal səviyyədə kənd təsərrüfatında ekoloji dayanıqlılığa töhfə vermək məqsədi daşıyır.