ABŞ BEYNƏLXALQ İNKİŞAF AGENTLİYİ AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATI İLƏ BAĞLI LAYİHƏLƏR HƏYATA KEÇİRƏCƏKDİR
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (BİA) Avropa və Avrasiya məsələləri üzrə direktor müavini Qloria Stil bildirmişdir ki, BİA Azərbaycanda kənd təsərrüfatı ilə bağlı bir sıra layihələrə başlayacaqdır. Aqrar sahədə rəqabəti gücləndirməyə yönəldiləcək layihələrdə Azərbaycanın yerli xüsusiyyətləri nəzərə alınacaqdır. Bununla yanaşı, kiçik və orta sahibkarlara kredit ayrılması və təlimlər keçirilməsi ilə bağlı təmaslar davam etdiriləcəkdir.
Xatırladaq ki, BİA Amerikanın Azərbaycana ayırdığı xarici yardımı inkişaf və yardım proqramları üzrə sərf edən əsas təşkilatdır. 907-ci maddənin qoyduğu qaydalar üzündən ölkəmizlə iş yalnız üç istiqamətdə aparılırdı: demokratik sivil cəmiyyətin, kiçik və orta sahibkarlığın inkişafı və münaqişədən zərər çəkən əhaliyə humanitar yardım. Son üç maliyyə ili ərzində Azərbaycana ayrılan yardım 40 milyon dollardan 50 milyonadək artırılmışdır. 2003-cü maliyyə ilində bu rəqəmin daha çox olacağı güman edilir. Lakin bunu yəqin etmək üçün büdcənin Konqres tərəfindən təsdiqlənməsini gözləmək lazımdır. Hələ ötən il dekabrda büdcəni təsdiqləyən qanunvericilərin cədvəli bu il gərgindir. Konqres seçkilərini yenicə yekunlaşdıran konqresmen və senatorlar prioritet “Vətən təhlükəsizliyi” qanun aktı və eyni adlı nazirliyin yaradılması üzərində çalışırlar. 2003-cü ilin büdcəsinin təsdiqi yanvarda Konqresin yeni tərkibinin müzakirəsinə qala bilər.
Alınan məlumatlara görə, 907-ci maddənin gələn il də qüvvəsiz qalacağı yəqindir. Qloria Stil deyir ki, 907-nin qüvvənin dayandırılması Azərbaycan hökuməti ilə işləməyə imkan verdi: “Biz Maliyyə Nazirliyi ilə birbaşa əməkdaşlıq qura bilirik. Məqsədimiz Maliyyə Nazirliyini kompüterləşdirməklə pul köçürmələrini daha şəffaf, xəzinədarlığın işini daha səmərəli etməkdir. İqtisadi məsələlər üzrə ABŞ-Azərbaycan işçi qrupu çərçivəsində inkişaf proqramlarının yeni sahələrini müəyyənləşdirmişik. BİA məlum olan üç sahə üzrə işini davam etdirəcək və 907-nin qüvvəsinin dayandırılmasından faydalanacaqdır”.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton