ABŞ-IN KALİFORNİYA ŞTATINDA YAŞAYAN AZƏRBAYCANLILARIN 8-Cİ TOPLANTISI KEÇİRİLMİŞDİR
Selikon dərəsinin ərazisindəki San Xose, Los Qatos, San Fransisko, Maunteyn Vyu şəhərlərindən 600 nəfərə yaxın soydaşımızın iştirak etdiyi tədbirə Azərbaycanın Los Anceles şəhərindəki baş konsulluğunun əməkdaşları və San Xose şəhərinin meri vəzifəsinə əsas namizəd Sindi Çavez də qatılmışdır.
Cəmiyyətin fəaliyyətinin müzakirə olunduğu tədbirdə San Xose şəhərinə Azərbaycanda qardaş şəhərin müəyyənləşdirilməsi fikri irəli sürülmüşdür. Şən Azərbaycan musiqisinin sədaları altında keçən yığıncaqda iştirakçılara milli mətbəximizin nümunələri təklif edilmişdir.
Şimali Kaliforniyanin Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Həmid Əhmədi bildirmişdir ki, bir neçə il əvvəl 50-60 adamın qatıldığı belə tədbirlərə bu il 10 dəfə çox soydaşımızın yığışması sevindirici haldır. Cəmiyyət yaxın illərdə mədəniyyət tədbirini festival formasında keçirməyi qarşısına məqsəd qoymuşdur. Əgər bu, baş tutsa, festivalda iştirak edənlərin sayı daha da artacaq, tədbir yerli televiziya va radioda işıqlandırılacaqdır.
Həmid Əhmədinin fikirincə, bu cür festivalın keçirilməsi üçün Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə əlaqələri daha da möhkəmlətmək lazımdır.
Cəmiyyətin sədri Azərbaycan yazıçıları və şairlərinin kitablarına, ölkəmiz haqqında video və audio materiallara, milli geyimlərə və musiqi alətlərinə ehtiyac duyduqlarını demişdir. Bundan əlavə, cəmiyyətin kitabxanasında azərbaycanca kitab qıtlığı da hiss olunur.
Qeyd edək ki, Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyət Cəmiyyəti 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Qurum hər ayın ilk cümə axşamı Azərbaycan şeir və musiqi gecələri təşkil edir. Cəmiyyətin qadınlardan ibarət bölməsi də ildə bir dəfə bu tipli tədbir keçirir.