ABŞ-ın Mərkəzi Asiya siyasətində Azərbaycanın strateji rolu – Politoloq rəyi
Bakı, 26 noyabr, Səbinə Əlizadə, AZƏRTAC
Cari ildə ABŞ-ın Mərkəzi Asiyaya yönəlik siyasətində müşahidə olunan dönüş bölgənin geoiqtisadi arxitekturasını yenidən formalaşdırır, xüsusilə də Azərbaycan burada yeni səviyyəli əlaqələndirici platforma kimi ön plana çıxır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İsrailin Yaxın Şərq üzrə eksperti Abraham Şmuleviç səsləndirib.
Ekspertin sözlərinə görə, 2025-ci il noyabrın 6-da Vaşinqtonda keçirilən tarixi “C5+1” sammiti ABŞ-ın regiona iqtisadi baxımdan genişmiqyaslı açılımını nümayiş etdirdi. “Sammit çərçivəsində 130 milyard dollardan artıq kommersiya öhdəliklərinin razılaşdırılması, eləcə də Özbəkistanın və Qazaxıstanın investisiya və strateji minerallar sahəsində ABŞ-la imzaladığı sənədlər göstərir ki, Vaşinqton rəqabəti yalnız diplomatik deyil, iqtisadi vasitələrlə də formalaşdırır”, - deyən ekspert bildirib ki, formatın iqtisadi komponenti güclənir, təhlükəsizlik məsələləri isə ikinci plana keçir.
A.Şmuleviç vurğulayıb ki, regiondakı dəyişikliklər fonunda Azərbaycanın mövqeyi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2025-ci il noyabrın 16-da Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı statusunu alaraq formatı “C6” səviyyəsinə yüksəldib. “Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanda hərəkət etməsinin institusional təsdiqidir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakının C5+1 mexanizminə də daxil edilməsinə dair təşəbbüsü ABŞ üçün də mühüm siqnaldır”, - deyə politoloq bildirib.
Ekspert Azərbaycanın “körpü” rolunu dörd əsas müstəvidə qiymətləndirib: “Birincisi, nəqliyyat sahəsində Orta Dəhlizin genişlənməsi fonunda Ələt limanının rolu əhəmiyyətli dərəcədə artıb. 2022-ci ildən bəri yükdaşımalar 50 faiz artaraq 3,2 milyon tona çatıb. Mövcud proqnozlara əsasən, 2030-cu ilə qədər yükdaşımaların həcminin 10 milyon tona çatacağı gözlənilir. Uzunmüddətli və dayanıqlı inkişafın təmin edilməsi üçün dəhlizin modernləşdirilməsi və genişləndirilməsi məqsədilə investisiya tələbatı 20 milyard ABŞ dollarını ötür.
İkincisi, Bakı artıq Xəzər hövzəsinin əsas neft və qaztoplama mərkəzinə çevrilib. ABŞ Dövlət Departamentinin 2025-ci ilin noyabrında Türkmənistan qazının Trans-Xəzər marşrutları ilə bazarlara çıxarılması ilə bağlı açıqlaması bu istiqamətdə siyasi iradənin olduğunu göstərir.
Üçüncüsü, regional siyasi platforma kimi Azərbaycanın rolu daha da möhkəmlənir. Bakı Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya arasında dialoq məkanı kimi çıxış edir. Bu, ABŞ üçün bölgədə monopoliya yaranmadan sabit, çoxmərkəzli format qurmaq baxımından əhəmiyyətlidir.
Dördüncüsü isə müdafiə sahəsində əməkdaşlıqdır. Azərbaycanın hərbi modernizasiya təcrübəsi, xüsusilə pilotsuz aviasiya sahəsində əldə etdiyi nailiyyətlər Mərkəzi Asiya ölkələri üçün alternativ model kimi diqqət çəkir”.
Politoloq bildirib ki, Azərbaycanın uğuru üç əsas amildən asılı olacaq: regional formatlarda institusional iştirakın gücləndirilməsi, investisiya mənbələrinin diversifikasiyası və xarici siyasətdə müstəqil qərarvermənin davam etdirilməsi. Özbəkistan-Azərbaycan ticarət dövriyyəsinin 2025-ci ilin ilk doqquz ayında 87,5 faiz artması bu inteqrasiyanın real iqtisadi zəminə malik olduğunu göstərir.
A.Şmuleviç sonda qeyd edib ki, Azərbaycan artıq təkcə tranzit dəhlizi deyil, enerji, nəqliyyat və rəqəmsal əlaqələrin kəsişdiyi strateji “qovşaq” kimi formalaşır. Bu mövqe ABŞ üçün Avrasiya materikində sabitlik və proqnozlaşdırılabilən iqtisadi halqanın yaradılmasında mühüm strateji əhəmiyyət daşıyır.