ABŞ KONQRESİNİN SENATI İRAQLI ƏSİRLƏRLƏ SƏRT DAVRANMAQDA GÜNAHKAR OLAN HƏRBÇİLƏRİ PİSLƏMİŞDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyinə istinadla verdiyi xəbərə görə, mayın 11-də ABŞ Konqresinin Senatı Bağdadın yaxınlığındakı Əbu-Qreyb həbsxanasında iraqlı məhbuslarla sərt davranışı pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. 92 səslə qəbul olunmuş sənəddə deyilir ki, Senat “bu hiddətləndirici cinayətlərin bütün günahkarlarının cəzalandırılmasında” təkid edir.
Senatdakı respublikaçılar çoxluğunun lideri Bill Frist səsvermə ilə əlaqədar bildirmişdir ki, əsirlərin başına gətirilən müsibətləri heç bir vəchlə bağışlamaq olmaz. Lakin biz öz hərəkətlərimizlə İraq xalqına sübut etməliyik ki, bir neçə nəfərin törətdiyi cinayət bütün Amerikaya aid edilə bilməz.
Ötən cümə axşamı ABŞ Konqresinin Nümayəndələr palatasında iraqlı əsirlərlə sərt davranışı pisləyən qətnamə qəbul etmişdir.