“Açıq qapı” Silahlı Qüvvələr ilə ictimaiyyət arasında körpü olacaq
Bakı, 26 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, oktyabrın 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növləri ilə yanaşı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş qərargahında və hərbi hissələrində də əsgərlərin valideynləri və ictimaiyyətin nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə valideynlərlə yanaşı, ictimai təşkilatların nümayəndələri, o cümlədən Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Sərraf Orucov, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Səbail rayon şöbəsinin sədri, Qarabağ müharibəsinin veteranı İlham Əliyev, “20 Yanvar” Cəmiyyətinin sədr müavini Mustafa Əliyev, müharibə veteranlarının bir qrupu və jurnalistlər iştirak ediblər.
HDQ-nin komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Şahin Məmmədov və tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin baş qərargahın binası qarşısında ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan HDQ-nin komandanı bildirib ki, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, nazirliyin bütün qoşun birləşmələrində, hərbi hissələrdə “Açıq qapı” günü keçirilir. “Açıq qapı” günü Silahlı Qüvvələr ilə ictimaiyyət arasında körpü olacaq. Cari il iyunun 25-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə HDQ-nin yeni bazasının istifadəyə verildiyini xatırladan natiq vurğulayıb ki, burada şəxsi heyətin yaşaması və xidmət etməsi üçün hər cür şərait yaradılıb. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bütün hərbi hissələrdə, eləcə də ön cəbhədə yerləşən hərbi hissələrdə şəxsi heyətin yüksək səviyyədə xidməti üçün lazımi şərait var.
Tədbirdə Qarabağ müharibəsi veteranları İlham Əliyev, Sərraf Orucov və başqaları da çıxış edərək ürək sözlərini bildiriblər.
Daha sonra tədbir iştirakçıları HDQ-nin şəxsi heyətinin təminatı, istifadəsindəki silah və sursatlarla tanış olub, HDQ dəniz piyadalarının nümunəvi çıxışlarına baxıblar.
Sonra tədbir iştirakçıları kazarmalarda və gəmilərdə əsgərlərin yaşayış yeri, onlar üçün yaradılan şəraitlə tanış olublar. İştirakçılara Hərbi Dəniz Qüvvələrinin gəmiləri və onların təyinatı barədə ətraflı məlumat verilib.
Valideynlər HDQ-nin şəxsi heyəti ilə birgə gəmilərdə nahar ediblər.
“Açıq qapı” günündə iştirak edən valideynlər və ictimaiyyətin nümayəndələri əsgərlərin xidməti üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.
Tədbir və ordumuz haqqında təəssüratlarını bildirən S.Orucov vurğulayıb ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növü olan Hərbi Dəniz Qüvvələri Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. Yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycanın iqtisadiyyatı, hərbi potensialı və qüdrəti gündən-günə güclənir. Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin mənəvi-psixoloji durumunun yaxşılaşdırılması, döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi istiqamətində ciddi işlər görülüb. Artıq Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları beynəlxalq sülhməramlı missiyaları yerinə yetirərək antiterror koalisiyalarında yaxından iştirak edirlər. Əgər torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan sülh danışıqları nəticəsiz olsa və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev döyüş əmrini verərsə onda Qarabağı düşmən tapdağından azad etmək üçün yenidən vuruşmağa hazırıq.