Adam Martınyuk: “Ukrayna-Azərbaycan parlamentlərarası əməkdaşlığı dövlətlərarası münasibətlərin strateji səviyyədə olmasına dəlalət edir”
Kiyev, 16 dekabr (AZƏRTAC). AZƏRTAC-ın xəbər verdiyi kimi, deputat Eldar İbrahimov başda olmaqla Milli Məclisin parlamentlərarası işçi qrupunun nümayəndə heyəti Kiyevə gəlmişdir. Nümayəndə heyətinə Milli Məclisin üzvləri Elmira Axundova, Rüfət Quliyev və İqbal Məmmədov daxildir.
Ukraynanın ali qanunverici orqanı olan Ali Radanın sədrinin birinci müavini Adam Martınyuk Ali Radada Azərbaycan Parlamentinin üzvləri ilə görüşmüşdür.
A.Martınyuk qeyd etmişdir ki, Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələri sayəsində hakimiyyətin bütün şaxələri arasında siyasi dialoqun fəal dinamikası dəstəklənir.
Görüşdə hər iki ölkənin beynəlxalq parlament alyansları formatında nümayəndə heyətlərinin əməkdaşlığının daha da genişləndirilməsi zərurəti vurğulanmış, müvafiq parlament komitələri və dostluq qrupları səviyyəsində bundan sonra da nümayəndə heyətləri mübadiləsinin vacibliyi qeyd edilmişdir.
Azərbaycan Milli Məclisinin nümayəndələri səmimi qəbul üçün Adam Martınyuka təşəkkürlərini bildirmiş və ukraynalı həmkarlarını Azərbaycana səfərə dəvət etmişlər.
A.Martınyuk məlumat vermişdir ki, gələn ilin əvvəlində Ukrayna Ali Radasının rəhbəri Vladimir Litvinin Bakıya səfəri planlaşdırılır.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli görüşdə iştirak etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev