ADAM MİTSKEVİÇİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ GECƏ
Bu yaxınlarda qonaq otağında Polşa şairi Adam Mitskeviçin xatirəsinə həsr olunmuş ədəbi gecə keçirilmişdir. Noyabrın 26-da onun vəfatının 150 ili tamam olmuşdur.
Bakı Slavyan Universitetinin (BSU) müəllimi Antonina Tretyakova Polşa ədəbiyyatında romantizm cərəyanının banisi sayılan A.Mitskeviçin Rusiya ilə əlaqələrindən söhbət açmışdır. Böyük rus şairi A.S.Puşkinlə dostluq şairin yaradıcılığında dərin iz buraxmışdır.
A.Mitskeviç hələ sağlığında böyük Polşa şairi, millətin mənəvi rəhbərlərindən biri kimi tanınmışdı. Onun poeziyası Polşa milli azadlıq hərəkatında, demokratik təfəkkürün inkişafında, milli ədəbiyyatın yeniləşməsində və bədii dilin zənginləşməsində böyük rol oynamışdır.
Hazırda BSU-nun polonistika bölməsində polyak dilini tədris edən Poznan Universitetinin əməkdaşları Lukaş və Katajina Kaleta, Polşanın ölkəmizdəki səfirinin müşaviri Katajina Ravska-Quretska Mitskeviçin şeirlərini öz doğma dilində oxumuşlar.
“Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru Mənsur Vəkilov S.Yeseninin Mitskeviçə həsr olunmuş şeirlərini oxumuşdur. O bildirmişdir ki, şərqşünas alim, şair, London Kral Asiya Cəmiyyətinin həqiqi üzvü Mirzə Cəfər Topçubaşov A.Mitskeviçlə yaxından tanış idi, 1826-cı ildə onunla Peterburqda görüşmüş, şairin sonetlərindən birini Azərbaycan dilinə tərcümə etmişdi.
Mənsur Vəkilov demişdir ki, “Literaturnı Azerbaydjan” jurnalının növbəti nömrəsində BSU-nun tərcümə kafedrasının müdiri Rafiq Manaf oğlunun tərcüməsində Mitskeviçin “Krım sonetləri” dərc olunacaqdır.
Sonda Azərbaycandakı polyak icması mədəniyyət şöbəsinin aktyorları A.Mitskeviçin sonetlərini ifa etmişlər.