Ağaclara düşən zərərvericilərə qarşı aparılan dərmanlama işləri müsbət nəticəsini göstərib
Bakı, 10 avqust, AZƏRTAC
Samur-Yalama Milli Parkının ərazisində ağacların ziyanverici həşəratlardan mühafizə olunması məqsədilə aparılan mexaniki və kimyəvi mübarizə tədbirləri nəticəsində “qaraçı güvəsi” kimi tanınan tək ipəksarıyan ziyanvericisinin böyük qismi məhv edilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva AZƏRTAC-a bildirib ki, ziyanvericilərin zərər vurduğu ağaclarda artıq yeni yarpaqlar əmələ gəlib və hazırda ağaclar inkişafını davam etdirir. Çox sevindiricidir ki, milli parkın ərazisindəki ağaclarda artıq müsbət dəyişikliklər hiss edilir, quruma və digər mənfi təsirlər isə artıq müşahidə olunmur.
Xatırladaq ki, bir neçə ay əvvəl həmin ərazidə əsasən palıd və vələs ağaclarına düşən zərərvericilərə qarşı mütəxəssislər tərəfindən dərmanlama işləri aparılmış və 150 hektar ərazi dərmanlanmışdı.