Ağdam ziyalısı: AŞPA-nın Türkiyəyə qərəzli münasibəti ikili standartlar siyasətinin göstəricisidir
Ağdam, 28 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yaz sessiyasının plenar iclasında Türkiyənin monitorinq prosesinə daxil edilməsi ilə bağlı verilən qərar qardaş ölkədə olduğu kimi, Azərbaycan ictimaiyyəti tərəfindən də narazılıqla qarşılanıb.
Ağdam rayon ziyalısı Hüseyn Bayramov AZƏRTAC-a müsahibəsində bildirib ki, AŞPA-nın bu qərarını müsəlman ölkəsi olan Türkiyəyə qərəzli münasibətin göstəricisi kimi qiymətləndirir, İslam ölkələrinə qarşı ikili standartlar siyasətinin daha bir nümunəsi hesab edir. “AŞPA-nın Türkiyənin monitorinq prosesinə daxil edilməsi ilə bağlı qərarı qərəzli və ədalətsizdir. Avropa Şurasının Türkiyəyə olan bu mövqeyi ölkəmizin ziyalılarını hiddətləndirib. Dünya ictimaiyyəti bu qərəzli mövqeyi kəskin pisləməli, Türkiyəyə qarşı ədalətsizlik aradan qaldırılmalıdır”, - deyə o vurğulayıb.
Azərbaycanın 16 ildir Avropa Şurasının üzvü olduğunu xatırladan H.Bayramov indiyədək bu təşkilatın ölkəmizə qarşı ədalətli mövqe sərgiləmədiyini deyib: “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, bir milyondan çox azərbaycanlının hüquqlarının pozulmasına, öz evlərindən, dədə-baba torpaqlarından qovulmasına, minlərlə insanın qətlə yetirilməsinə, işgəncələrə məruz qalmasına, şəhərlərin, kəndlərin dağıdılmasına, tarixi abidələrin məhv edilməsinə baxmayaraq, Avropa Şurası işğalın aradan qaldırılması ilə bağlı heç bir tutarlı addım atmayıb. Bu münasibət Türkiyəyə qarşı da eynidir. Avropa Şurasında ədalət varsa, nə üçün Türkiyədə baş verən terror aktlarına münasibət bildirilmir?”.
Hüseyn Bayramov Türkiyəyə olan bu münasibətin kökündə məhz islamofobiyanın dayandığını vurğulayaraq deyib: “Bu gün Avropada islamofobiya meyilləri güclənir, İslam dünyasına, müsəlmanlara qarşı sərt mövqe sərgilənir. Avropa Şurasının Türkiyəyə qarşı qəbul etdiyi bu ədalətsiz qərar İslam ölkələrinə qarşı aparılan ikili standartlar siyasətinin daha bir nümunəsidir” - deyə, H.Bayramov bildirib.