AĞDAŞLILAR DAHİ ÖNDƏRİN ADININ ƏBƏDİLƏŞDİRİLMƏSİNİ TƏKLİF EDİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, buna səbəb əmək kollektivləri üzvlərinin rayon icra hakimiyyətinə çoxsaylı müraciət və təklifləri olmuşdur. Ağdaşlıların istəyini yüksək qiymətləndirən rayon icra hakimiyyətinin rəhbərliyi komissiya yaratmışdır. Komissiya rayon icra hakimiyyətinə daxil olan təklif və müraciətlərə diqqətlə baxır, onları qruplaşdırır və ümumiləşdirərək, aidiyyətli ali orqana göndərir.
Rayon rəhbərləri şəhər mədəniyyət və istirahət parkına Heydər Əliyevin adının verilməsini, burada böyük rəhbərin möhtəşəm abidəsinin ucaldılmasını və Heydər Əliyev muzeyinin yaradılmasını təklif edirlər. Şəhər sakinləri 3 nömrəli orta məktəbə, Ləki qəsəbə sakinləri isə qəsəbədəki orta məktəbə xalqımızın böyük oğlunun adının verilməsini arzulayırlar.
Xosrov kəndində isə Heydər Əliyevin xatirə abidəsini ucaltmaq istəyində olan kənd əməkçiləri öz təkliflərini rayon icra hakimiyyətinə təqdim etmişlər.
Məktəblərdə əlaçı şagirdlərə Heydər Əliyev təqaüdü verilməsini təklif edən müəllim və valideynlər, eyni zamanda, hər bir məktəbdə də Heydər Əliyev muzeyinin təşkil olunmasını xahiş edirlər.
Şəhərdə ən böyük küçəyə Heydər Əliyevin adının verilməsi, bu küçənin prospektə çevrilməsi təklifi də müzakirə olunur.
Təklif və müraciətlər çox və bir-birindən fərqlidir. Komissiya üzvləri ağdaşlıların müraciətlərinə baxmaq, fikirlərini öyrənmək üçün qəbul saatları da müəyyənləşdirmişlər.