Ağstafada şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim olunub
Ağstafa, 28 iyun, AZƏRTAC
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağstafa şəhər Mədəniyyət evində Ağstafa Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tovuzlu şəhidlərin ailələrinə və müharibə iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov tədbirdə çıxış edərək xalqımızın şəhidlərimizi hər zaman böyük ehtiramla andığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını diqqət mərkəzində saxlayır, onların sağlamlığı, sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mükəmməl dövlət siyasəti həyata keçirilir. Eyni zamanda, şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar.
Sonra şəhidlərin ailə üzvlərinə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim edilib.