Aİ-nin yeni missiyası regionda sülhə, etimad quruculuğuna mənfi təsir göstərə bilər
Bakı, 20 dekabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) regiona yeni missiya göndərməklə bağlı niyyəti qəbulolunmazdır. Çünki Praqada əldə olunmuş razılığa əsasən Aİ-nin mülki missiyası Ermənistan ərazisində fəaliyyət göstərməli idi və bu fəaliyyət 2 ayla məhdudlaşdırılıb. Dekabrın 19-da da öz fəaliyyətini başa vurub. Yeni missiyanın yaradılması ilə bağlı təşəbbüslər tamamilə yolverilməzdir. Regionda sülhə, etimad quruculuğuna mənfi təsir göstərə bilər. Yeni missiyanın yaradılması ilə bağlı həyata keçirilən fəaliyyət Fransanın və digər Avropada olan ermənipərəst qüvvələrin növbəti oyunu kimi qiymətləndirilir və regionda sülhə heç bir töhfə verməyəcək. Nəzərə almaq lazımdır ki, yeni bir missiya formalaşarsa, Azərbaycan bu missiya ilə işləməkdən imtina edəcək. Rəsmi Bakı onunla hər hansı əməkdaşlığı nəzərdə tutmur. Çünki Azərbaycanın siyasi iradəsindən kənarda hər hansı missiyaların formalaşması bizim regional problemlərin nizamlanması kontekstinə ziddir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
“Ermənistan bütün mənalarda Rusiyaya bağlı olsa da, görünür ki, Aİ-nin çətiri altından keçməkdə maraqlıdır. Çünki burada Parisin geosiyasi maraqlarına xidmət edən addımlar nəzərə çarpır. Yaxın tarix göstərir ki, Fransa hansı regiona gedibsə, burada böyük fəlakətlər, soyqırımları həyata keçirilib. Ona görə də hazırda Fransanın hədəfinə çevrilən Ermənistan sürətlə suriyalaşmağa doğru gedir. Bu cür geosiyasi vektorlər arasında reveranslar etmək, Ermənistanın gələcəyini heç də yaxşı etməyəcək. Buna görə də düşünürəm ki, bu cür missiyaların formalaşması yolverilməzdir, yalnız Fransanın geosiyasi ambisiyalarına uyğun olaraq həyata keçirilən fəaliyyəti ehtiva edir", - deyə İ.Hüseynov vurğulayıb.