“Ailə, qadın və uşaq mövzuları mediada” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 19 iyul, AZƏRTAC
İyulun 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) jurnalistlər arasında elan etdiyi “Ailə, qadın və uşaq mövzuları mediada” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən dövlət komitəsinin sədri Bahar Muradova ictimaiyyətin diqqətini ailə, qadın və uşaq məsələlərinə cəlb etmək, cəmiyyəti düzgün istiqamətə yönəltmək, problemləri öyrənərək çətinlikləri aradan qaldırmaq istiqamətində səylərin birləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, bu vacib məsələdə əsl dostları və silahdaşları isə media nümayəndələridir.
Dövlətimiz tərəfindən mətbuatın ictimai-siyasi həyatda rolunun artırılmasının önəmindən bəhs edən komitə sədri media nümayəndələrinin sosial vəziyyəti və siyasi proseslərdə iştirakı məsələsinin daim diqqətdə saxlanıldığını bildirib.
B.Muradova vurğulayıb ki, ictimai fəalların, siyasət adamlarının fəaliyyətinin böyük hissəsini məhz mətbuatla iş, onların vasitəsilə əks əlaqələrin qurulması təşkil edir. AQUPDK ənənəvi və müasir media orqanlarının nümayəndələri ilə əməkdaşlığa xüsusi önəm verir və onların ölkənin ictimai-siyasi həyatında iştirakını vacib hesab edir.
Jurnalistlər arasında elan edilən müsabiqə haqqında məlumat verən komitə sədri belə layihələrin davamlı olacağını qeyd edib. O, təqdim edilən yazı və süjetlərin qiymətləndirilməsi prosesində iştirak edən münsiflər heyətinə də təşəkkürünü bildirib.
Sonra Komitənin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva müsabiqə haqqında məlumat verib.
Müsabiqənin nəticələri açıqlandıqdan sonra qaliblər mükafatlandırılıb.