Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yay düşərgəsi təşkil edilib
İsmayıllı, 29 iyul, Rəşad Türkoğlu, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Biz gələcəyik” adlı yay düşərgəsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, yay düşərgəsində Uşaq Səfirlər Məclisinin üzvləri və xüsusi istedadı ilə fərqlənən Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun fəalları iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir!” kəlamına istinad edərək “Biz gələcəyik” adlandırılan yeddi günlük yay düşərgəsində beş komandada iştirak edən uşaqlarla müxtəlif təlimlər, maarifləndirici müzakirələr, ekskursiyalar və əyləncəli oyunlar keçirilib.
Yay düşərgəsinin ilk günündə iştirakçılara şəxsi inkişaf üzrə təlimçi-mentor Cavidan Səfərli tərəfindən “Özünü tanı” adlı təlim keçirilib. Uşaqlara özünü tanımağın yolları, maraqların müəyyən edilməsi, şəxsi dəyərlərin analizi, şəxsiyyət tiplərinin araşdırılması ilə bağlı praktik tapşırıqlar və test nümunələri təqdim olunub.
Daha sonra İsmayıllı şəhər Heydər Əliyev adına parkda təşkil olunmuş intellektual kod oyunu zamanı komandalar müxtəlif sualları cavablandırmaqla Azərbaycanın keçmişi və bu günü, həmçinin İsmayıllının tarixi, mədəniyyəti ilə əlaqədar maraqlı informasiyalar əldə ediblər. Günün sonunda isə animasiya filmi nümayişi olunub.
Düşərgənin növbəti günlərində iştirakçılara “Düşüncə və yanaşma tərzi” adlı növbəti təlim keçirilib. Uşaqlara problemlərin səbəblərinin araşdırılması, səbəb-nəticə əlaqəsinin qurulması, mövcud problemlərin həlli yollarının təklifində kreativliyin təmin edilməsi kimi məsələlər praktik çalışmalarla təqdim edilib. Daha sonra Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri Nəzrin Bayramlı və Rüfət Əzizzadə tərəfindən “İnternet təhlükəsizliyi” mövzusunda təlim keçirilib. Uşaqlara “Fişinq” (sosial media yolu ilə manipulyasiya), kiberhücumlar və kiberzorakılıq hallarından qorunmağın yolları ilə bağlı məlumat verilib. Düşərgənin üçüncü günü stolüstü oyunlar və musiqili əyləncə ilə başa çatıb.
Yay düşərgəsinin iştirakçıları İsmayıllı rayonu Heydər Əliyev Mərkəzini də ziyarət ediblər. Onlara Ulu Öndərin zəngin irsi, həyatı və siyasi fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat verilib. Sonda düşərgə iştirakçıları fortepianoda Ulu Öndərin sevdiyi musiqi əsərlərin ifa edib, onun həyatından bəhs edən sənədli filmə baxıblar.
Düşərgə çərçivəsində, həmçinin “Zamanın idarə olunması” adlı növbəti təlim keçirilib. Uşaqlara vaxtın xüsusiyyətləri, Zenhaur metodu, alətlər və resurslar, vaxtın idarə olunmasının əsasları praktik metodlarla izah edilib. Yay düşərgəsinin dördüncü günü əyləncəli oyunlar və film saatı ilə yekunlaşıb.
Yay düşərgəsi zamanı iştirakçılara “Təqdimat və ünsiyyət bacarıqları” adlı növbəti təlim keçirilib. Uşaqlara ünsiyyətin iş mühitində önəmi, aktiv dinləmə, təqdimat bacarıqları və bədən dili kimi mövzular praktiki işlərlə izah edilib. İntellektual oyun zamanı uşaqlara Azərbaycan mədəniyyəti, ədəbiyyatı və ümumi dünyagörüşü istiqamətində suallar verilib. Sonda qalib komanda mükafatlandırılıb. Daha sonra İsmayıllı rayonunda yerləşən Heydər Əliyev adına parkda estafet, futbol, voleybol oyunları keçirilib. Yay düşərgəsinin beşinci günü musiqili əyləncə ilə yekunlaşıb.
Yay düşərgəsinin son günlərində uşaqlarla görüşən Dövlət Komitəsinin aparat rəhbəri, Avropa Şurasının Uşaq Hüquqları üzrə rəhbər Komitəsində və Lansorate Komitəsində milli ekspert Ceyran Rəhmətullayeva tərəfindən “Uşaqlara qarşı törədilən latent zorakılıq halları” mövzusunda təlim keçirilib. Təlimə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər edən Dövlət Komitəsinin könüllüləri də qoşulublar.
C. Rəhmətullayeva iştirakçılara latent zorakılıq hallarının spesifikası, kibercinayətkarlıq və onlayn zorakılıq barədə məlumat verərək, bu növ zorakılıq qurbanları olan uşaqlarla işləməyin metodları və terapiyalar haqqında fikirlərini bölüşüb. Təlim zamanı uşaqlarla fikir mübadiləsi aparılıb, terapiyaların tətbiqi ilə bağlı praktik məşğələlər keçirilib.
Aparat rəhbəri bildirib ki, uşaqların hər cür zorakılıq hallarından qorunması beynəlxalq və milli sənədlər, qanunlar və konvensiyalar ilə tənzimlənir. Lanzarote Konvensiyası ölkəmizdə 2019-cu il oktyabrın 22-də ratifikasiya edilib və milli qanunvericiliyimizin konvensiyanın tələblərinə uyğunlaşdırılması ilə bağlı 4 məcəllə və 6 qanunda dəyişikliklər edilib.
Xatırladaq ki, yeniyetmələr üçün yay tətili müddətində düşərgələrin təşkil edilməsinin əsas məqsədi uşaqların sərbəst düşünmə, özünü ifadə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, yeni dostlar qazanılmasına təkan verməkdir.