AKP Gənclər Təşkilatı: Ermənistan hüquqazidd işğalçılığa son qoyub Dağlıq Qarabağdan çəkilməlidir
Ankara, 7 oktyabr, AZƏRTAC
Otuz ildir bütün hüquqları tapdalayaraq Dağlıq Qarabağı işğal altında saxlayan Ermənistan sentyabrın 27-də yenidən Azərbaycana hücum edib. Bütün dünyanın bildiyi kimi, Ermənistan uzun illərdən bəri mənimsədiyi təcavüzkar irqçiliyi ilə saxta “erməni soyqırımı” yalanından istifadə edərək sosial-iqtisadi problemlərini və siyasi asılılığını gizlətməyə çalışan, vətəndaşlarını istismar edən bir ölkədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər Təşkilatının Ermənistanın son təxribatları barədə bəyanatında əksini tapıb.
Türk və ingilis dillərində yayılan bəyanatda deyilir: “Ermənistanın son zamanlar daha da genişləndirdiyi təcavüzkar irqçilik siyasətini qəbul etmək mümkün deyil. Ötən günlər Ermənistanın rəsmi sosial media hesablarında sülh çağırışı etmək əvəzinə, bir əlində silah, digər əlində xaç tutan din xadimlərinin çəkdirdikləri fotoların paylaşılması bu təcavüzkar irqçi təfəkkürün bariz nümunəsidir.
Təhlükəsizlik orqanlarından verilən məlumatlara görə, Ermənistan iyulun sonunda ABŞ və Aİ-nin də terror təşkilatı kimi tanıdığı PKK ilə anlaşma əldə edərək 300 PKK/YPG terrorçusunu avtobuslarla Ermənistana və Qarabağa göndərib. Terror təşkilatı PKK/YPG üzvlərinin Dağlıq Qarabağda erməni polislərlə əməkdaşlığı əsla qəbuledilməz olduğunu vurğulayaraq beynəlxalq ictimaiyyəti terror təşkilatı ilə əməkdaşlıq edən Ermənistanı qınamağa çağırırıq.
Ermənistan oktyabrın 4-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni və mülki əhalini hədəf alan raket hücumları onun əsl simasını bir daha göstərdi. Bu reallıqlara əsaslanaraq bir daha açıq şəkildə bildiririk ki, Ermənistanın yürütdüyü siyasət qətiyyən qəbul edilə bilməz.
Minsk qrupu uzun illərdir ki, bölgədə sülh yaratmaq məsələsində uğursuzluğa düçar olub, Ermənistanın məsuliyyətsiz mövqeyinə və şiddətli hücumlarına səssiz qalıb. Unutmaq olmaz ki, bütün bunları görməməzliyə vurmaq və erməni şiddətinə qarşı birtərəfli siyasət yürütmək bu münaqişəni həll edə bilməz. Türkiyə bölgədə sülhü yenidən təsis etməyin yeganə yolunu, sadəcə olaraq, Ermənistanın hüquqazidd işğalçılığına son qoyub, Dağlıq Qarabağdan çəkilməsi olduğunu açıq şəkildə vurğulamaqdadır.
Ədalət və İnkişaf Partiyasının Gənclər Təşkilatı olaraq qardaş Azərbaycanın və onların qanuni haqlarını daxil olduğumuz bütün beynəlxalq platformalarda hər vəziyyətdə dəstəklədiyimizi bildirmək istəyirik.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara