Aktauda Azərbaycanın turizm potensialına həsr olunmuş tədbir keçirilib
Aktau, 28 aprel, AZƏRTAC
Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğumuzun təşkilatçılığı ilə “Qrand Victoriya” otelində ölkəmizin turizm potensialına həsr olunmuş “Azərbaycanı özün üçün kəşf et” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın turizm bölgələrini özündə əks etdirən jurnallar, broşürlər və digər təbliğat materialları təqdim edilib.
Manqistau vilayətinin turizm idarəsinin rəhbərliyinin, burada fəaliyyət göstərən 30-dan artıq turizm şirkətinin nümayəndələrinin, jurnalistlərin, həmçinin Azərbaycandan gəlmiş turizm şirkətlərinin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizin turizm potensialına dair videoçarx nümayiş olunub.
Azərbaycanın Aktau şəhərindəki baş konsulu Elxan Zeynalov çıxış edərək ölkəmizin iqtisadi inkişafından, son illərdə əldə edilmiş nailiyyətlərdən, xüsusilə turizm sektorunda qazandığımız uğurlardan danışıb. Prezident İlham Əliyevin turizm sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində bu sahədə böyük inkişafa nail olunduğunu qeyd edən diplomat, Azərbaycana gələn xarici turistlərin sayının ildən-ilə artdığını bildirib, ölkəmizdə turistlər üçün yüksək səviyyəli xidmətin yaradıldığını vurğulayıb.
İki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanlarına toxunan E. Zeynalov 2016-cı illə müqayisədə 2017-ci ildə bu ölkədən Azərbaycana gələn turistlərin sayında 45 faiz artım müşahidə olunduğu söyləyib.
Azərbaycana gələn qazaxıstanlı turistlərin əsasən sağlamlıq, şopinq və istirahət turlarını seçdiyini deyən natiq, baş konsulluq tərəfindən təşkil olunmuş tədbirin dost, qardaş Qazaxıstan ilə mövcud sahələrdə əməkdaşlığın genişləndirilməsi, habelə hər iki ölkənin turizm şirkətləri arasında əlaqələrin yaradılmasına dəstək olduğunu vurğulayıb.
Manqistau vilayət akimliyinin turizm şöbəsinin rəisi Qulsim Jariyeva iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün əlverişli şərait olduğunu qeyd edərək deyib ki, bu vilayətdə fəaliyyət göstərən turizm şirkətləri ilə Azərbaycanın turizm şirkətləri arasında əlaqələrin qurulması və genişləndirilməsi vacib addımlardan sayılmalıdır. O, həmçinin Manqistau vilayətində turizm imkanları haqqında məlumat verərək, vilayətdə turizmin inkişafı üçün görülmüş tədbirlərdən danışıb.
Azərbaycanın turizm şirkətinin nümayəndələri Cavid Cavadov və Fazil Atayev çıxış edərək, ölkəmizin turizm imkanları haqqında məlumat verib.
Sonra onların iştirakı ilə ölkəmizdə aktiv istirahət turları, müalicəvi turlar və digər xidmətlər haqqında təqdimatlar keçirilib.
Tədbirin sonunda yerli turizm şirkətlərinin nümayəndələri arasında lotereya oynanılıb. 12 nəfər qalibə Azərbaycanın müxtəlif bölgələrində iki, üç günlük tur paketlər hədiyyə olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau