Alimlər antidiabetik dərman təsirinə malik fermentlərin selektiv inhibitorlarını sintez ediblər
Bakı, 3 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri Türkiyənin Atatürk və Bartin Universitetindən olan həmkarları ilə “Bəzi qlobal xəstəliklərlə əlaqəli metabolik fermentləri inhibə edən yeni nəsil inhibitorların müqayisəli təsiri” mövzusunda apardıqları beynəlxalq səviyyəli tədqiqatlarını genişləndirirlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əldə olunan mühüm nəticələr “Web of Science” bazasında arxivləşdirilən Q2 kateqoriyalı impakt faktoru 4.06 olan “Elsevier” nəşriyyatının “Journal Molecular Structure” jurnalında müfəssəl araşdırma məqaləsi kimi dərc olunub.
Məqalə pirazol əsasında yeni metal komplekslərin sintezi və onların bioloji tədqiqinə həsr olunub. Molekulyar dokinq çalışmaları nəticəsində məlum olub ki, bu yeni komplekslərdən ibarət enzim-izoenzim inhibitorları klinik diabetin müalicəsində antidiabetik dərman təsirinə malik fermentlərin selektiv inhibitorlarıdır.