Alimlər dinozavrların qatili olmuş meteoritin qalıqlarını tapmaq istəyir
Bakı, 5 mart, AZƏRTAC
Bir qrup geoloq mart ayında Meksika körfəzində qazıntılar aparmağı planlaşdırır. Onları qədim Çiksulub krateri maraqlandırır. O, 65 milyon il əvvəl Yer kürəsinə asteroidin düşməsi nəticəsində yaranıb.
AZƏRTAC “Sience” saytına istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, bu asteroid ucbatından planetimizdə dinozavrların və mezozoy erasına aid digər flora və fauna növlərinin kökü kəsilib. Mart ayında ABŞ və Böyük Britaniyadan olan geoloqlar Meksika körfəzində qazma qurğusunun inşasına başlayacaqlar. Onlar ümid edirlər ki, bu qurğunun köməyi ilə 65 milyon il əvvəl Yukatan yarımadasına düşmüş meteoritin qalıqlarını tapa biləcəklər.
Kosmik cismin diametri 10 kilometr olub. Asteroidin yaratdığı 180 kilometrlik çalanın dərinliyi 20 kilometrə çatıb. Sonralar bu yer okean sularının altında qalıb. Asteroidin Yer kürəsi ilə toqquşması nəticəsində 100.000 atom bombasının gücünə bərabər partlayış çox böyük sunami, Yer kürəsinin səmasını uzun müddət örtmüş toz dumanı yaradıb. Əvvəlcə bitkilər, daha sonra çəkisi 25 kiloqramdan çox olan heyvanlar, o cümlədən dinozavrlar məhv olub.
Geoloqların beynəlxalq qrupu güman edir ki, Çuksulub kraterinin mərkəzi hissəsində kiçik bir dağ var və bu dağda asteroidin qalıqları qalıb. Bu, geoloqlara kosmik cismin ailəsini və onun kimyəvi tərkibini öyrənməyə imlan verəcək. Bundan başqa, alimlər asteroidin düşməsi ilə həqiqətən də flora və faunanın yox olub-olmadığını müəyyən etmək istəyirlər.
Tədqiqatçılar 65 milyon il ərzində kraterin üst qatına toplanmış çöküntü süxurları təxminən bir kilometr yarım qazmalıdırlar. Süxurların daha qədim hissəsinin öyrənilməsi kosmik cismin düşməsindən sonra Yer kürəsinin ekosisteminin dirçəlişi prosesini anlamağa, həm də salamat qalmış dəniz flora və fauna növlərini müəyyən etməyə imkan verəcək. Bundan başqa, alimlər ümid edirlər ki, meteoritlə birgə gəlmiş bakteriyaları da tapa biləcəklər.