ALMANİYA HÖKUMƏTİ REGİONAL EKOLOJİ LAYİHƏNİ MALİYYƏLƏŞDİRMƏK NİYYƏTİNDƏDİR
Almaniya hökuməti Kür cayının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair regional layihəni maliyyələşdirmək niyyətindədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Cənubi Qafqaz ölkələrinin ətraf mühiti üçün çox vacib olan bu layihə 2003-cü ildə həyata keçirilməyə başlanacaqdır. İşçi qrupunun bu günlərdə Gürcüstanın Bakuriani şəhərində keçirilmiş iclasında layihənin müxtəlif məqamlarının, o cümlədən Kür hövzəsində fövqəladə vəziyyət barədə xəbərdarlıq məqsədi ilə transsərhəd əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunmuşdur.
Layihənin iş proqramı gələn ilin əvvəllərində hazırlanacaq və müzakirəyə veriləcəkdir. Həmin layihəyə görə Almaniyanın Ətraf mühitin mühafizəsi üzrə federal agentlik məsuliyyət daşıyacaq, onun iştirakçıları isə Cənubi Qafqaz ölkələrinin müvafiq təbiəti mühafizə nazirlikləri olacaqdır.
Bu layihə ətraf mühitin mühafizəsi məsələlərində Cənubi Qafqaz ölkələri ilə transsərhəd əməkdaşlığını təmin etmək üçün Almaniya hökuməti tərəfindən maliyyələşdirilən “Qafqaz təşəbbüsü” proqramının bir hissəsidir. Layihənin əsas istiqamətləri sənaye obyektlərinin ekoloji və texniki təhlükəsizliyini təmin etməkdən, Avropa Birliyinə inteqrasiya üçün imkanları genişləndirmək məqsədi ilə təhlükəsizlik normalarına nail olmaqdan, istehsal qurğularının təhlükəsiz istismarından ötrü yeni texnologiyaların tətbiqindən ibarətdir.