ALMANİYADA ARDNŞ-İN TƏQAUDÇÜSÜ OLAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Bakı, 29 may (AZƏRTAC). Berlin şəhərindəki Texniki Universitetdə 28 May - Respublika günü münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaudçüsü olan tələbələrlə görüş keçirilmişdir.
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, tədbir ARDNŞ-in təşəbbüsü və dəstəyi, Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) və Alman-Azərbaycan Forumunun təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbirdə AAKM-in icraçı kaibi Samira Patser-İsmayılova, ARDNŞ-in idarə rəisi İlqar Əliyev, Almaniya Bundestaqının üzvü Eduard Lintner, səfiriliyin ikinci katibi Ramil Fərzəliyev, Alman-Azərbaycan Forumunun sədr müavini, Potsdam Universitetinin professoru Vilfrid Furman, Berlin Texniki Universitetinin prorektoru Prof.Dr.Ştaynbax çıxış etmişlər. Natiqlər 28 May - Respublika gününün tarixindən, Azərbaycan dövlətinin müstəqillik uğrunda keçdiyi mübarizə yolundan, müasir Azərbaycanın demokratik ənənələrə uyğun inkişafından, dövlətimizin təhsilə olan xüsusi diqqətindən danışmışlar.
Tələbələr də öz fikirlərini bölüşmüşlər.
Görüşdə Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, AAKM-in idarə heyətinin üzvü Bahattin Qaya, Alman tələbə və alimlər cəmiyyətinin üzvləru, Azərbaycan diasporunun nümayəndələri, ARDNŞ təqaudçilərindən başqa Almaniya təhsil ocaqlarında oxuyan azərbaycanlı tələbələr, alman gəncləri də iştirak etmişlər.
“Azərbaycan - yurdum mənim” sənədli filminin nümayişi tədbir iştirakçılarını Azərbaycanın bugünkü inkişafı haqqında hərtərəfli məlumatlandırmışdır. Sonra Münster Musiqi Məktəbinin tələbəsi Sona Cəfərova “Xəzər”, “Qədim Bakı küçələri” mövzusunda caz improvizasiyalarını ifa etmişdir.
######
