ALMANİYADAKI AZƏRBAYCAN DİASPORUNUN FƏALLIĞI GETDİKCƏ ARTIR
Bakı, 29 aprel (AzərtAc). Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Almaniyada fəallığını getdikcə artıran Azərbaycan diasporu bir sıra yaddaqalan tədbirlər keçirmişdir.
Paytaxt Berlində şəhər bələdiyyəsinin “Qırmızı Ratxaus” adlanan binası qarşısındakı meydanda keçirilən Beynəlxalq Uşaq Bayramında azərbaycanlı uşaqlar da iştirak etmişlər.
Təməli Mustafa Kamal Atatürk tərəfindən qoyulmuş bu bayram 10 ildir ki, Almaniyada da qeyd olunur və şənliklərdə müxtəlif millətlərin uşaqları iştirak edirlər. Builki tədbirdə Azərbaycanı Hamburq Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyətinin nəzdindəki “Azərbaycan rəqsləri dərnəyi” təmsil etmişdir. Elçin Səttarovun rəhbərlik etdiyi qrupun “Sarı gəlin” rəqsi hərarətlə qarşılanmışdır.
Dərnəyin bayram şənliklərində iştirakı Azərbaycanın Almaniyadakı səfirliyi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) dəstəyi ilə reallaşmışdır.
Başqa bir tədbir Berlin-Bakı Qalereyasında təşkil olunmuşdur. AAKM-in rəhbəri Samirə Patzer-İsmayılova bildirmişdir ki, Berlin-Bakı Qalereyasında məruzə axşamı keçirilmişdir. Rəssam Tomas Hantel çıxışında impressionizm cərəyanı barədə məlumat vermiş, bu cərəyanın yaranması, inkişafı, onun fransız və alman məktəblərinin nümayəndələrindən söz açmışdır.
Tədbirdə klassik rəssamlıqdan fərqli olaraq impressionist rəssamların işlədiyi üslub, impressionizmin əsas ideya və mövzuları barədə çıxışlar olmuş, elektron rəsmlər nümayiş etdirilmişdir.
AAKM Almaniyanın “Trescher” nəşriyyatında Azərbaycanla bağlı səyahət-bilgi kitabçası ilə bağlı müəllifə və nəşriyyata etiraz məktubu göndərmişdir. Belə ki, kitabçada Azərbaycanın iqtisadiyyatı, dövlətçilik tarixi, mədəniyyəti, elmi, incəsənəti, respublikamızın bütün bölgələrinin coğrafiyası, hər bir regiona məxsus adət-ənənləri barədə müxtəlif məlumatlar verilmişdir. Lakin bu məlumatlar arasında bir sıra yanlışlıqlar və əsaslandırılmamış məlumatlar da olmuşdur. Müraciət nəticəsində müəllif yeni nəşrdə bu nöqsanların aradan qaldırılacağına söz vermişdir.
Münxendə yaşayan soydaşımız Kəmalə Kərimovanın təşəbbüsü ilə Azərbaycan mədəniyyət gecəsi təşkil olunmuşdur. Gecədə müğənni Füzuli Cəfərli və Qafqaz xalqlarının rəqs qrupu çıxış etmişlər.