Altay Alıyev: Minatəmizləmə prosesinə istehkamçılarla yanaşı, xüsusi təlim keçmiş itlər də qoşulub
Ağdam, 23 avqust, Elmir Səftərov, AZƏRTAC
Mina təmizləmə əməliyyatları təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Prosesə istehkamçılarla yanaşı, xüsusi təlim keçmiş itlər də qoşulub. Ərazilərin partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çoxlu sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir.
Bunu AZƏRTAC-a müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının İstehkam qrupunun komandiri Altay Alıyev söyləyib.
A.Alıyev deyib ki, düşmən qadağan olunmuş üsullardan istifadə edərək ərazilərin minalanması zamanı heç bir standart gözləməyib. Ərazilər çox ciddi şəkildə minalanıb: “Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir. Çirklənmiş ərazilər aidiyyəti qurumların əməkdaşları ilə qarşılıqlı fəaliyyət prinsipləri əsasında təmizlənir. İşğaldan azad olunmuş ərazilərdə qeyd olunanlara paralel olaraq, quruculuq işləri də sürətlə davam etdirilir. Otuz ildir doğma ata-baba yurdlarından didərgin düşmüş keçmiş məcburi köçkünlərimizin, ərazilərə səfər edəcək vətəndaşlarımızın tam təhlükəsiz yaşaması üçün dövlət bütün imkanlardan istifadə edir ki, ərazilərdə heç bir maneə qalmasın”.