Ameliya Tomaşeviç: Azərbaycanın turizm bazarı imkanlarına və potensialına görə bizim üçün maraqlıdır
Bakı, 6 aprel (AZƏRTAC, Ceyhun Rüstəmov). Biz Azərbaycana ilk dəfədir səfər edirik və bu ölkənin turizm bazarı öz imkanlarına və potensialına görə bizim üçün maraqlıdır. Biz artıq turistlər üçün bir neçə çarter reysi həyata keçirmişik və azərbaycanlı həmkarlarımızla birlikdə həmin reyslərin faydasını lazımınca qiymətləndirdik.
Bu sözləri XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin (“AİTF-2014”) iştirakçısı, Xorvatiyanın Zaqreb şəhər turizm bürosunun nümayəndəsi xanım Ameliya Tomaşeviç AZƏRTAC-a müsahibəsində demişdir.
A.Tomaşeviç bildirmişdir ki, artıq bu il Azərbaycan vətəndaşları üçün vizaların əldə edilməsi prosedurunun sadələşdirilməsi gözlənilir. Biz bilirik ki, ölkələrimiz arasında münasibətlər möhkəmlənir, Azərbaycan Prezidenti Xorvatiyanı ziyarət etmiş, Xorvatiya Prezidenti isə Azərbaycanda səfərdə olmuşdur. Beləliklə, viza və aviareys məsələləri ən yüksək səviyyədə müzakirə edilmişdir. Lakin biz hələlik alternativ marşrutlardan istifadə edirik.
“Bizim büro Zaqrebin bütün dünyada turizm istiqaməti kimi təbliğ edilməsi ilə məşğuldur”, - deyən A.Tomaşeviç qeyd etmişdir ki, qeyri-kommersiya dövlət təşkilatı olan nümayəndəliyimiz müxtəlif turizm tədbirləri üzrə informasiya dəstəyini təmin edir. Bizimlə birlikdə bu stenddə konkret turizm xidmətləri barədə məlumat verən “ATLANTIS TRAVEL” şirkəti də təmsil olunur. Bu isə bizim əməkdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətində olduğumuza dəlalət edir.
Ameliya Tomaşeviç demişdir ki, qonaqpərvər və xeyirxah sakinləri olan Zaqreb maraqlı memarlığa malik, lakin Bakı ilə müqayisədə kiçik tarixi şəhər kimi turistlərin marağını cəlb edir. Şəhərimizin rəmzi ürəkdir və bu, bizim ekspozisiyada əks olunmuşdur.