AMERİKA JURNALİSTİ İRAN PREZİDENTİNİ TƏRİFLƏMİŞDİR
Uellas İran rəhbəri ilə görüşündən danışarkən vurğulamışdır ki, “Əhmədinejad olduqca ağıllı adamdır”. O etiraf etmişdir ki, qarşısında inadkar, amerikalılar və ya İsrail barəsində öz baxışlarına əsla şübhə etməyən fanatik görəcəyini gözləyirdi. Jurnalist demişdir: “Əhmədinejad düşündüyümdən də ağıllı, dərrakəli insan imiş”.
Amerikalı belə bir fakta da təəccübləndiyini gizlətməmişdir ki, Əhmədinejad prezident olsa da, kollecdə axırıncı kursların tələbələri üçün dərs deməyi davam etdirir. O əlavə etmişdir: “Siz görəcəksiniz ki, o, çox maraqlı şəxsiyyətdir”.
Uellas söyləmişdir ki, Nyu-Yorkda, BMT iqamətgahında rəsmi ziyafət zamanı İran liderinə yaxınlaşaraq, ona müsahibə verməsini xahiş etmişdi. O gündən tam bir il keçdi. Uellasın etirafına görə, o, öz xahişini artıq yaddan çıxarmışdı. Lakin Əhmədinejadın özü bunu ona xatırlatdıqda çox təəccüblənmişdir.
Əhmədinejadla görüşədək 88 yaşlı Uellasın ən məşhur layihəsi 1979-cu ildə İslam inqilabının lideri Ayətulla Xomeynidən aldığı müsahibə sayılırdı. O, müsahibəni İranın yeni hökumətinin Tehranda girov saxladığı ABŞ diplomatları ilə bağlı böhranın ən qızğın çağında almışdı.
Bu ilin yazında Si-Bi-Es telekanalının rəhbərliyi bildirmişdi ki, Uellas pensiyaya gedir və “60 dəqiqə” proqramının aparıcısı və müxbiri kimi daha çıxış etməyəcəkdir.
Uellas bununla əlaqədar söyləmişdir: “Əhmədinejad mənə “eşitdiyimə görə, bu, sənin sonuncu müsahibəndir” dedikdə, az qala stuldan yıxılacaqdım. Odur ki, müsahibimdən soruşdum, doğrudanmı, elə hesab edirsiniz ki, bunun vaxtı çatmışdır. Əhmədinejad cavab verdi ki, “zənnimcə, maraqlı işlərlə məşğul olmağı davam etdirmək çox vacibdir”.