AMERİKA TÜRK ASSOSİASİYALARI ASSAMBLEYASININ PREZİDENTİ AZƏRBAYCANDA SƏFƏRDƏDİR
Həmin gün qonaqlar Şəhidlər xiyabanını da ziyarət etmişlər. Onlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının məzarları üstünə tər qərənfillər düzmüş, şəhidlərin ruhu qarşısında ehtiramla baş əymişlər.
Sonra Amerikadan gəlmiş nümayəndə heyəti Şəhid Türk əsgərlərinin memorialı qarşısına əklil qoymuşlar.
Səfərdən məqsəd Azərbaycanla daha yaxından tanış olmaq, ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf proqramlarının nəticələri, xalqımızın qədim və zəngin mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı informasiya əldə etməkdir.
Nümayəndə heyətinin üzvləri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində, Mədəniyyət və Turizm Nazirliyində, Türkiyənin Azərbaycandakı səfirliyində olacaq, bir sıra görüşlər keçirəcəklər.
Dövlət Komitəsinin məlumatında o da bildirilir ki, ATAA rəhbərliyinin bu cür səfərləri ənənəvi xarakter daşıyır. Qurumun rəhbərliyi hər il türk dövlətlərinə bu cür səfərlər təşkil edir.