Amerikanın iki ştatında ekstremal hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
Vaşinqton, 19 iyun, AZƏRTAC
Meksika körfəzi sahillərində tropik qasırğa barədə xəbərdarlıq edilib. Tropik siklonun ABŞ istiqamətində hərəkəti ilə əlaqədar bu xəbərdarlıq Luiziana ştatının İntrakoastal-Siti regionundan Alabama və Florida ştatlarının sərhədinə qədər olan ərazini əhatə edir.
AZƏRTAC xəbər verir ki, şənbə günü, iyunun 19-da qasırğanın sahilə çatması gözlənilir. Luiziana ştatı 2020-ci ildə dörd qasırğadan, bu ilin baharında isə güclü tufanla bağlı daşqınlardan əziyyət çəkib. Daşqınlar barədə xəbərdarlıq Luiziana sahillərində artıq qüvvədədir, ştatın daha ucqar rayonlarında, habelə Missisipi və Florida ştatlarında qəfil daşqınlar barədə xəbərdarlıq bazar günü, iyunun 20-dək qüvvədə olacaq.
Ehtimal ki, gələn həftənin əvvəlində Milli Meteorologiya Xidməti daşqınlar barədə əlavə xəbərdarlıq edəcək. Luiziana qubernatoru Con Edvards hələ iyunun 18-də güclü yağış gözlənilməsi, tropik qasırğanın yaxınlaşmasının digər mümkün nəticələri ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Kaliforniya qubernatoru Gevin Nyusom iyunun 18-də fövqəladə vəziyyət elan edib, çünki bu ştata qızmar hava dalğası yaxınlaşır. Bu həftə Kaliforniyanın bəzi hissələrində və digər qərb ştatlarının bir neçə bölgəsində istilik rekord həddə - 47,7 dərəcəyə çatıb.
Keçən il havalar bərk isti keçən vaxtda Kaliforniya qubernatoru Gevin Nyusom və ştatın kommunal müəssisələrinin rəhbərləri ciddi tənqidə məruz qalmışdı. O vaxt elektrik enerjisi verilməsində iki gün davam etmiş fasilədən 200 mindən çox Kaliforniya sakini əziyyət çəkmişdi. Sakinlər təqribən 20 il ərzində ilk dəfə belə problemlərlə üzləşmişdi.
AZƏRTAC-ın Vaşinqton bürosu