Anar Bağırov: Azərbaycan vəkilliyi olaraq qəbul edilən mütərəqqi qanun layihəsini alqışlayırıq
Bakı, 29 iyul, AZƏRTAC
Həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatların davamı kimi Prezident tərəfindən mülki işlərdə birinci və apellyasiya instansiyasında aztəminatlı şəxslərin dövlət hesabına vəkillə təmin edilməsini ehtiva edən Mülki Prosessual Məcəlləyə dəyişikliklə bağlı olan qanun layihəsi imzalanaraq qüvvəyə minib. Dəyişikliklə mülki işlər üzrə birinci və apellyasiya instansiyalarında da hüquqi yardıma ehtiyacı olan, amma vəsait olmayan şəxslərin dövlət hesabına vəkillə təmin olunmasının hüquqi əsasları, bu hüquqdan istifadə edə biləcək şəxslərin dairəsi müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
“Eyni zamanda, Prezident həmin qanun layihəsinin tətbiqi ilə bağlı iyulun 26-da Fərman imzalayıb. Fərmanda bir sıra məsələlər öz əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən haqqın məbləğinin dəyişdirilməsi zərurətini öyrənib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək. Həmçinin Vəkillər Kollegiyasına Mülki Prosessual Məcəlləyə dəyişikliklə bağlı qanundan irəli gələn məsələlərin həll olunması tövsiyə olunub", - deyə Vəkillər Kollegiyasının sədri bildirib.
Sədr deyib ki, Mülki Prosessual Məcəlləyə edilən dəyişikliyin əsas məqsədi dövlət tərəfindən əhalinin aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, eyni zamanda, digər həssas təbəqələrinin cinayət işlərində olduğu kimi mülki işlərdə də Konstitusion hüquqlarından olan keyfiyyətli hüquqi yardım almaq hüququnun bütün instansiyalarda realizəsi, habelə ədalət mühakiməsinin keyfiyyətinin artırılmasıdır.
"Azərbaycan Vəkilliyi olaraq qəbul edilən mütərəqqi qanun layihəsini alqışlayır və göstərilən etimada görə Prezident İlham Əliyevə ölkəmizin vəkil korpusu adından dərin minnətdarlığımızı bildiririk", - deyə A.Bağırov qeyd edib.