Andrey Yermak: Səudiyyə Ərəbistanında Ukraynanın sülh formulu müzakirə ediləcək
Kiyev, 2 avqust, AZƏRTAC
Ukrayna Səudiyyə Ərəbistanında dövlət başçılarının milli təhlükəsizlik və siyasi müşavirləri səviyyəsində ikinci görüşü hazırlamağa davam edir. Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh formuluna əsaslanan prinsiplər müzakirə olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak teleqram səhifəsində yazıb.
“Səudiyyə Ərəbistanında məqsədimiz sülh formuluna dair ümumi baxışı inkişaf etdirmək, qarşıdakı Qlobal Sülh Sammitinə ev sahibliyi etmək imkanlarını araşdırmaqdır”, - deyə Yermak qeyd edib. Onun sözlərinə görə, Ukrayna dünya nizamını, beynəlxalq hüququ bərpa etməli, BMT Nizamnaməsi və Kiyevin şərtləri əsasında ədalətli dünya qurmalıdır.
Andrey Yermak bildirib ki, iyunda Kopenhagendə keçirilən görüşdən sonra Səudiyyə Ərəbistanında təşəbbüs iştirakçılarının sayı artıb - onların arasında Qərb, Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələri də olacaq.
Volodimir Zelenskinin sülh formulunu həyata keçirmək strategiyasının üç səviyyədən ibarət olduğunu vurğulayan Yermak yazır ki, əvvəlcə Ukraynada akkreditə olunmuş səfirlərlə görüşlər nəzərdə tutulur. İkincisi, Ukraynanın sülh planının həyata keçirilməsi üçün optimal forma və mexanizmləri tapmaq məqsədilə milli təhlükəsizlik müşavirləri və siyasi məsləhətçilərin görüşləridir. Üçüncü səviyyə isə formulun icrasının baş tutacağı dövlətlərin liderləri ilə Qlobal Sülh Sammitidir.
Qeyd edək ki, Zelenski müharibəni dayandırmaq üçün “Sülh Formulu” təşəbbüsü ilə çıxış edib. Buraya Ukraynada hərbi əməliyyatlarla bağlı təhlükəsizliyin təmin edilməsinə dair 10 bənd daxildir: radiasiya və nüvə təhlükəsizliyi (Rusiya Federasiyasının Zaparojye AES-dən çıxarılması, nüvə təhlükələrinin aradan qaldırılması), ərzaq təhlükəsizliyi (taxıl təşəbbüsünün genişləndirilməsi), enerji təhlükəsizliyi, bütün məhbusların və deportasiya edilmiş şəxslərin azad edilməsi, BMT Nizamnaməsinin həyata keçirilməsi, ərazi bütövlüyünün və dünya nizamının bərpası, Rusiya qoşunlarının çıxarılması və hərbi əməliyyatların dayandırılması.
Xatırladaq ki, Rusiyanın dəvət olunmadığı sülh toplantısına Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək. Forumun avqustun 5-6-da keçirilməsi planlaşdırılır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev