Antiinflyasiya siyasəti istiqamətində atılan addımlar hiss olunan dərəcədə özünü göstərib - Ekspert
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində dövlətimizin başçısı hökumətimizin və iqtisadiyyatımızın qarşısında durduğu ən əsas problemin inflyasiya ilə bağlı olduğunu bildirdi. Bunun da obyektiv və subyektiv səbəbləri qeyd olundu. Manatın fiks edilmiş rejimdə dollara bağlanmasına baxmayaraq, ölkəmizdə inflyasiyanın səviyyəsi qonşu dövlətlərə nisbətən yuxarıdır və bu da narahatedici haldır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.
Ekspert vurğulayıb ki, inflyasiya dünyanın hər yerində var və bunun yaranma səbəbləri müxtəlifdir: “Pandemiya nəticəsində dəyən zərərlər, daşınma xərclərinin kəskin artması, Rusiya-Ukrayna müharibəsinin yaratdığı kataklizmlər və bu kimi hallar inflyasiyanın yaranmasına şərait yaradır”.
Beynəlxalq Valyuta Fondu (IMF) dünya üzrə inflyasiyasının 2022-ci ildəki 8,7 faizdən 2023-cü ildə 7 faizə düşəcəyini proqnozlaşdırır, Azərbaycanda da inflyasiya ötən il qeydə alınan 13,9 faizdən bu ilin ilk altı ayında 12 faizə qədər enib. Tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması və dünya əmtəə bazarlarında qiymətlərin enməsi Azərbaycanda da inflyasiyanı səngidən əsas amillərdir.
“Ümumiyyətlə, inflyasiya səviyyəsinə baxdıqda ölkədə hələ də səviyyənin yüksək olması ciddi narazılıq yaradır. Ölkəmizin başçısı da bunun həm obyektiv, həm də subyektiv səbəbləri olduğunu bildirdi və subyektiv səbəblərin aradan qaldırılması üçün Mərkəzi Banka və hökumətə tapşırıqlar verdi. Bu sahədə Mərkəzi Bank dövriyyədə olan artıq pul kütləsinin dövriyyədən çıxarılması üçün addımlar atır və pul kütləsini azaltmağa çalışır ki, inflyasiya normaya düşsün. Artıq bu və digər atılan addımlar hiss olunan dərəcədə özünü göstərib.
İkinci bir məsələ isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin üzərinə düşür. Belə ki, xüsusən monopolistlərə və oliqapolistlərə qarşı ciddi mübarizə aparmalı və süni qiymətin yaranmasına olan problem nəzarət altına alınmalıdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu istiqamətdə öz işini ciddi surətdə qurmalıdır. Hökumətin inflyasiyanı nəzarət altında salınması istiqamətində Mərkəzi Bankla görməli olduğu işlər var”,- deyə ekspert qeyd edib.