Antoniu Silva: Azərbaycan Üzgüçülük Federasiyası ilə əməkdaşlıq etmək çox xoş olacaq
Bakı, 3 aprel, AZƏRTAC
"Məqsədimiz su idmanı növlərində nizam-intizamı artırmaq, üzməyi daha yaxşı öyrənə bilmək və suda boğulmağın qarşısını ala bilmək üçün maarifləndirici proqramların sayını artırmaqdır".
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Avropa Su İdmanı Növləri Federasiyasının prezidenti Antoniu Silva jurnalistlərə açıqlamasında deyib.
O, bu gün Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) rəhbər şəxsləri, gənclər və idman naziri Fərid Qayıbovla keçirdikləri görüşün məhsuldar olduğunu söyləyib: "Görüş zamanı bir neçə mövzu müzakirə edildi. AÜF ilə uzunmüddətli əməkdaşlığa qərar verdik. Bu mövzuda çox istəkli və motivasiyalı olduğumu deməliyəm. Həmçinin məşqçilərin təhsilini ən önəmli nüanslardan biri kimi qiymətləndirdik. Nəhayət, görüşdə yaxın gələcəkdə Avropa və dünya səviyyəsində bəzi tədbirlər təşkil etmək üçün bir çox imkanlardan danışdıq. Düşünürəm ki, görüşün əsas mahiyyəti məhz budur. Azərbaycan Üzgüçülük Federasiyası ilə əməkdaşlıq etmək çox xoş olacaq. Yaxşı işlər görəcəyimizə inanıram. Ümid edirəm ki, yaxşı nəticələr əldə edəcəyik".
A.Silva Azərbaycana ikinci dəfə səfər etdiyini söyləyib: "İlk dəfə ölkənizə 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunları zamanı səyahət etmişdim. Bu şəhər heyrətamizdir. Bakının bu illər ərzində nə qədər inkişaf etdiyinin şahidi oldum. Həmin vaxt Azərbaycan milli komandasının üzvləri ilə görüşmək imkanı əldə etmişdim. Onlar çox istedadlı üzgüçülər idilər. Yüksək səviyyədə məşq keçirdilər".