Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib
Bakı, 4 aprel, AZƏRTAC
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda “Səbail” klubunun şikayətinə baxılaraq, müvafiq qərarlar qəbul edilib.
“Səbail”in futbolçusu Süleyman Alluşla bağlı şikayəti təmin olunmayıb. Misli Premyer Liqasının XXVI turunun “Zirə” ilə matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün futbolçuya verilən 4 oyunluq cəza və kluba kəsilən 3000 manatlıq cərimə qərarı qüvvədə saxlanılıb.
Danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilən “Mingəçevir”in sabiq üzvü Muxtar Nəzərlinin apellyasiya şikayətinə isə baxılmayıb. Baş Prokurorluğa sorğu göndərilməsi ilə əlaqədar olaraq proses təxirə salınıb.
Xatırladaq ki, AFFA-nın nəzdində fəaliyyət göstərən Apellyasiya Arbitraj Tribunalının tərkibi sonuncu dəfə təşkilatın İcraiyyə Komitəsinin 2023-cü il 7 mart tarixli qərarı ilə formalaşıb. Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Nazim Rəşidov sədr, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə prokuroru Rüfət Kərimov, Vəkillər Kollegiyasının üzvü Arif Əyyubov, Dövlət Vergi Xidmətinin nümayəndəsi Orxan Məmmədov və fərdi sahibkar kimi fəaliyyət göstərən futbol mütəxəssisi Rəşad Qasımov tribunalın üzvləri seçiliblər.