Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş igidlərimizin təbliği ilə bağlı layihəyə yekun vurulub
Bakı, 24 yanvar, AZƏRTAC
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin həyata keçirdiyi “Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş igidlərimizin gənclər arasında təbliği” layihəsinə yekun vurulub.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Ağdam, Bərdə, Tərtər və Füzuli rayonlarında gənclərlə görüşlər təşkil olunub. Görüşlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbələrinin rəisləri, “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev iştirak ediblər.
Tədbirlər ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli layihə çərçivəsində keçirilən görüşlərin əsas məqsədinin Qarabağ müharibəsində, xüsusilə aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın xatirəsini anmaq, onların igidliklərinin gənclər arasında təbliğinə töhfə vermək olduğunu bildirib.
Digər çıxışlarda Azərbaycanın bu döyüşlərdə nəinki öz gücünü, torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağını düşmənlə yanaşı, bütün dünyaya göstərdiyi qeyd olunub. Həmçinin aprel döyüşlərinin Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrimizin regionda ən qüdrətli orduya çevrilməsinin, onun hərbi qüdrətinin nümayişi olduğu vurğulanıb.
Layihə çərçivəsində keçirilən tədbirlər ümumilikdə 400 nəfəri əhatə edib. Tədbirlərdə iştirakçılara maarifləndirici broşürlər paylanılıb.