AQTA: Nəsimi rayonunda “Ərzurum” ictimai iaşə müəssisəsində normativ tələblər pozulub
Bakı, 31 oktyabr, AZƏRTAC
Bakının Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Elvin Vüqar oğlu Kərimova məxsus “Ərzurum” ictimai iaşə müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, müəssisənin mətbəxində döşəmə, divar və tavanın təmirsiz olduğu, səthlərin hamar, yuyulabilən və korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. İstehlaka hazır qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.