AQTA sədri Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin ölkəmizdə işgüzar səfərdə olan nümayəndə heyətini qəbul edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Heyvandarlıq Baş idarəsinin rəisi Zekeriyya Erdurmuş, Ət və süd məhsulları Baş idarəsinin rəisi Osman Uzun, Qida və nəzarət Baş idarəsinin rəisi Harun Seçkin və qurumun Avropa İttifaqı və Xarici Əlaqələr Baş idarəsinin rəis müavini Ferhat Çolakın daxil olduğu nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın perspektivləri və görüləcək işlər müzakirə olunub.
Son illər ölkəmizdə qida təhlükəsizliyinin inkişafı sahəsində həyata keçirilən tədbirlər, heyvan sağlamlığının təmin olunması və baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili, həmçinin heyvanların identifikasiyası sisteminin qurulması ilə əlaqədar məsələləri diqqətə çatdıran AQTA sədri qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində gələcəkdə imzalanacaq sazişlərin birgə əməkdaşlığa töhfə verəcəyini bildirib.
Görüşdə baytarlıq və fitosanitar sertifikatların qarşılıqlı tanınması, xəstəliklərdən azad zonanın yaradılması, həmçinin bitki sağlamlığı sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə birgə təlimlərin təşkili və digər məsələlər müzakirə olunub.
Qardaş ölkədən olan nümayəndə heyətinin üzvləri iki ölkə arasında baytarlıq, bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bu sahədə öz səylərini əsirgəməyəcəklərini bildiriblər.