Araz və Kür çaylarında növbəti monitorinq aparılmışdır
Bakı, 14 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə oktyabrın birinci ongünlüyü üçün növbəti monitorinq keçirmişdir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın birinci ongünlüyündə Kür çayında suyun sərfi sentyabrın III ongünlüyünə nisbətən 63 kubmetr/saniyə artaraq 180 kubmetr/saniyə təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenol və mis birləşmələri normadan 2 dəfə artıq olmuşdur.
Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 8,23 kubmetr/saniyə olmuşdur. Horadiz və Bəhramtəpə məntəqələrində fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində isə fenol və mis birləşmələri YVQH-ni 3 dəfə keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.