ARDNŞ-ə məxsus dəniz yataqlarında ekoloji monitorinq aparılır
Bakı, 19 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Xəzər dənizinin sektorundakı neft-qaz yataqlarında Ekologiya İdarəsi tərəfindən növbəti payız-qış mövsümləri üzrə planlaşdırılmış ekoloji monitorinqə başlanılmışdır.
ARDNŞ-dən AZƏRTAC-a bildirmişlər ki, monitorinqin mövsümlər üzrə aparılmasından əsas məqsəd istehsalat fəaliyyətinin ətraf mühitə təsirinin öyrənilməsi, dənizin ekoloji sisteminin hidroloji, hidrobioloji, bioloji, mikrobioloji, fizioloji tədqiqatlarının və dəniz bioresurslarının, canlılarının, dominantlıq təşkil edən qruplarının növ müxtəlifliyinin və biokütlə dinamikasının öyrənilməsidir. İşlər ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik, istehsalat və məişət tullantılarının idarə olunması sahəsində mövcud qanunvericiliyə, eləcə də ARDNŞ-in ekoloji siyasətinin tələblərinə uyğun həyata keçirilir.
Bu günlərdə Ekologiya İdarəsinin ekoloji tədqiqatlar ekspedisiyası tərəfindən “8 Mart” yatağında monitorinq aparılmışdır. Monitorinqdə yataq ərazisində seçilmiş 15 stansiyada dəniz dibi çöküntüləri, bentos, dəniz suyunda fitoplankton və zooplankton nümunələri götürülmüş, stansiyalarda dəniz axınları ölçülmüş, suyun üst və alt qatlarının fiziki-kimyəvi parametrləri təyin edilmişdir. Kompleks analitik təhlillərin aparılması üçün götürülmüş nümunələr Ekologiya İdarəsinin kompleks tədqiqatlar laboratoriyasına təhvil verilmişdir.