ARFA MEBEL FABRİKİ YÜKSƏK KEYFİYYƏTLİ MƏHSUL BURAXIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də “Rövşən-Oğuz” şirkətlər qrupunun Yevlaxda yerləşən ARFA mebel fabriki ilə tanış olmuşdur.
Fabrikin işçiləri dövlətimizin başçısını və xanımını səmimiyyətlə salamladılar. Prezidentə məlumat verildi ki, 2006-cı ildə fəaliyyətə başlamış və 160-dan çox işçisi olan bu müəssisənin ölkəmizin 20 regionunda 32 mağazası, satış mərkəzi vardır.
Prezident İlham Əliyev istehsal olunan ofis, mətbəx mebellərinə, uşaq və qonaq otağı, yataq dəstlərinə baxdı. Bildirildi ki, Almaniya və İtaliyadan gətirilmiş avadanlığın quraşdırıldığı fabrikdə buraxılan bütün mebel dəstlərinin qiymətləri keyfiyyət və həcminə görə fərqlənir və ən ucuzu 350 manata başa gəlir. Mebellərin aksessuarları xaricdən gətirilir.
Dövlətimizin başçısı mebel dəstlərinin yığıldığı istehsal sahələrini gəzdi, avadanlıqla tanış oldu və görülən işləri yüksək qiymətləndirdi.