DÜNYA
Arxeoloqlar ellinizm dövrünə aid qədim səcdəgahlar aşkar ediblər
![](/files/galleryphoto/2023/2/1200x630/1688485113352136831_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16884851131681147631_1200x630.jpg)
Bakı, 5 iyul, AZƏRTAC
Arxeoloqlar Seqestada mühüm kəşf ediblər. Bu barədə Siciliya regionunun “İnstitusional” portalı məlumat yayıb. Bu yerlərdə davam edən qazıntılar zamanı onların aşkarladıqları səcdəgahların tarixi ellinizm dövrünə təsadüf edir.
Ellinlərin - italyan mənşəli xalqın bir zamanlar tanınmış şəhəri olmuş Seqesta Siciliya adasını finikiyalı və yunan mühacirlər arasında bölüb. Seqestanın dəqiq yaranma tarixi naməlum olaraq qalır, lakin şəhər haqqında ən qədim yazının tarixi kimi təxminən eramızdan əvvəl 580-ci il göstərilir. “HeritageDaily” yazır ki, bu yazı Seqesta və Selin (hazırda Selinunte kimi tanınan) arasında münaqişəni təsvir edir.
Şəhər mədəniyyət baxımından yunanların açıq-aşkar təsirinə məruz qalıb. Bunu gil qabda tapılan yazılar sübut edir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yerli şivədə yunan əlifbasından istifadə olunub.
Eramızdan əvvəl V əsrdə şəhər Afina ilə ittifaqa girib. Məhz bu dövrdə Seqesta afinalıları uğursuz Siciliya ekspedisiyasına - Afina və onların rəqibləri olan Sparta, Sirakuza və Korinf arasında Peloponnes müharibəsinə - daha geniş kontekstdə baş verən hərbi kampaniyaya yola düşməyə çağırıb.
Seqestanın xarabalıqları Siciliyanın şimal-qərb regionunda, Monte-Barbaro zirvəsi yaxınlığında yerləşir. Bir vaxtlar çiçəklənən şəhərin qalıqlarına Dor məbədi, aqora (mərkəzi ictimai məkan), amfiteatr və şəhər divarlarının müxtəlif hissələri daxildir.
Kasa-del-Navarka kimi tanınan tikilidə bu yaxınlarda aparılan qazıntılar görünməmiş nəticələr verib. Arxeoloqlar tərəfindən aşkarlanan iki daş memarlıq elementində aparılan ətraflı tədqiqatda bunlar ellinizm dövrünün səcdəgahları kimi eyniləşdirilib.
Bu səcdəgahların yaşayış evlərində yerləşdirilməsi ehtimalı var. Birinci element boyunbağıdan muncuqları xatırladan kiçik oval fiqurlarla bəzədilən dekorativ yapma naxışları nümayiş etdirir. Bundan başqa, böyük sayda gül və meyvə ilə dolu olan səbət təsvirinin relyefi də mövcuddur. Həmçinin metal qarmağın salınması üçün oyma dəlik də nəzərə çarpır.
İkinci element isə üç tərəfdən yonulmuş səthə malikdir və bu da onun nə vaxtsa suvaqlanmasını sübut edir. Təəssüf ki, yalnız bəzi dekorativ elementlər, xüsusən yapma karniz toxunulmamış qalıb.