ASSAMBLEYA ABŞ-DA AZƏRBAYCANIN NÜFUZUNUN DAHA DA GÜCLƏNMƏSİNƏ ÇALIŞIR
Hazırda ABŞ-da bütün mühüm qərarları qəbul edən konqreslə əlaqələri möhkəmləndirməyə çalışdıqlarını deyən ATAA prezidentinin sözlərinə görə, konqresdə Türkiyənin dostluq klubunda 70, Azərbaycanın dostluq klubunda isə 17 konqresmen vardır. Bu sayın artırılması çox vacibdir. ATAA türk-azəri ortaq mədəniyyət layihələri həyata keçirmək niyyətindədir. Birgə festivallar, sərgilər təşkil ediləcəkdir. Bundan sonra Boston Türk Festivalı Boston Azəri-Türk Festivalı adlandırılacaqdır.
Vural Çengiz 907-ci düzəlişin aradan qaldırılmasına və Dağlıq Qarabağ münaqişəsinə dair konqresmenlərlə danışıqlar aparmağa başladıqlarını söyləmişdir. Bakıya gəlməmişdən öncə Mayamidən olan bir konqresmenə Azərbaycan, habelə Dağlıq Qarabağ münaqişəsi və sair məsələlər haqqında xeyli materiallar təqdim etmişik.
Azərbaycan hökumətinin yürütdüyü diaspor siyasətinə toxunan V.Çengiz, ölkəmizdə bu sahəyə göstərilən diqqəti yüksək qiymətləndirmişdir. Ən önəmlisi odur ki, bu siyasət dövlət səviyyəsində aparılır.
ATAA prezidentinin sözlərinə görə, bu məsələdə maliyyə imkanları da mühüm rol oynayır. Diaspor işinə təkcə dövlət yox, ayrı-ayrı imkanlı şəxslər də kömək etməlidirlər.