“AtaTravel” MMC infoturlarda yeni istiqamət təklif edir
Bakı, 12 iyun (AZƏRTAC). “AtaTravel” MMC infoturlarda yeni istiqamət təklif edir. Bu istiqamətə uyğun olaraq artıq şirkət Macarıstanın turizm sənayesi ilə tərəfdaşlıq əlaqələri qurmuşdur.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 12-də keçirilmiş mətbuat konfransında məlumat verilmişdir.
Konfransda qeyd olunmuşdur ki, son vaxtlar Azərbaycan ilə Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri bütün sahələrdə, o cümlədən turizmdə də inkişaf edir. Bildirilmişdir ki, “AtaTravel” MMC Macarıstanın “1000 yol” tur operatorunun tərəfdaşı olmuş, həmçinin Budapeşt-Bakı-Budapeşt aviareyslərini həyata keçirəcək “WizzAirr” aviaşirkəti ilə sıx əməkdaşlıq edir.
Bu çərçivədə “AtaTravel” şirkəti “1000 yol” turoperatoru və “WizzAirr” aviaşirkəti ilə Azərbaycanın KİV və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri üçün iyunun 29-dan iyulun 5-dək infotur keçirilməsi barədə razılıq əldə olunduğu söylənilmişdir.
“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev infoturla bağlı məlumat verərək bildirmişdir ki, Macarıstana təşkil ediləcək infoturun gedişində rəsmi şəxslərlə görüşlər, əməkdaşlığın istiqamətlərinin müzakirəsi, texniki detalların razılaşdırılması, perspektiv üçün müştərək planların işlənib hazırlanması və s. planlaşdırılmışdır.
Qeyd etmişdir ki, bununla belə “AtaTravel” MMC öz fəaliyyətində Azərbaycana turistlərin cəlb edilməsinə xüsusi diqqət ayırır. O, cari ilin sentyabrında artıq macar turoperatorları üçün Azərbaycana infoturun təşkili məsələsini işləyib hazırladıqlarını demişdir.
“AtaHolding” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Dilarə Zamanova “WizzAirr” aviaşirkətinin həyata keçirəcəyi Budapeşt-Bakı-Budapeşt birbaşa aviareysinin açılmasının çox mühüm əhəmiyyət daşıdığını söyləmiş və aviaşirkət haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, “WizzAirr” aviaşirkəti 43 “Airbus A320” təyyarəsi olan parka malikdir və 2012-ci ildə bu şirkət tərəfindən 70 marşrutla 94 istiqamət üzrə dünyanın 33 ölkəsinə 12 milyon sərnişin daşınmışdır. Vurğulanmışdır ki, rəsmi açılışı iyunun 18-də həyata keçiriləcək bu aviareys Avropaya səyahətin ən səmərəli və qənaətli üsulu olacaqdır. Şirkətlə bir nəfər üçün gediş-gəliş biletinin 120 avro olduğu və www.wizzairr.com veb-saytından əldə etməyin mümkünlüyü qeyd edilmişdir.
“AtaTravel” MMC üçün Macarıstanın yeni istiqamət olduğu vurğulanaraq qeyd edilmişdir ki, bu ölkənin turizm sektorunun infrastrukturu çox inkişaf etmişdir. Keyfiyyətli xidmətlər, dağ landşaftı ilə gözəl təbiət dünya turistlərini cəlb edir.
Həmçinin nəzərə çatdırılmışdır ki, turizm istiqaməti ilə yanaşı, şirkətin planlarında təhsil sahəsində də əməkdaşlığın inkişafı nəzərdə tutulmuş və Debresen Universiteti ilə əlaqələr planlaşdırılır.
“AtaTravel” MMC dünyanın istənilən nöqtəsinə səfərlər üzrə öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların qabaqcadan bronlaşdırılması üzrə xidmətlər göstərir.