Atmosferi həddindən artıq çirkləndirən avtomobillərin sürücüləri ilə profilaktik söhbətlər aparılıb
Bakı, 18 avqust, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları rayon ərazisində avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədilə nəzarət-profilaktiki tədbirləri davam etdirirlər.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbirlər zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobillərin sürücüləri ilə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalarının vacibliyi barədə tövsiyələr verilib.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.