ATMU ilə Elmi-Metodiki Mərkəz arasında anlaşma memorandumu imzalanıb
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, sənədi universitetin rektoru C.Cəfərov və mərkəzin direktoru A.Usubəliyev imzalayıblar.
Cəfər Cəfərov Bakı şəhərində keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətindən söz açıb. Bildirib ki, Qlobal Forum ərəfəsində ATMU indiyədək formalaşan ikitərəfli beynəlxalq əməkdaşlıq əlaqələrini ölkədaxili fəaliyyət sferasında da genişləndirməkdədir.
Mərkəzin direktoru Asif Usubəliyev əməkdaşlıq memorandumunun turizm və mədəniyyət sektorundakı problemlərin aradan qaldırılmasında mühüm rolu olacağını vurğulayıb. Bu gün regionlarda yerləşən turizm xidmət obyektlərində çalışanların maarifləndirilməsi və beynəlxalq təcrübəyə əsasən təlimatlandırılması, mərkəzin “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvlərinin dəstəyi ilə universitet tələbələrinin müxtəlif mədəniyyət, turizm obyektlərində təcrübə keçməsi istiqamətində bir çox işlər görülməlidir. Ümid edirəm ki, bu sənəd turizm və mədəniyyət sahələrinin inteqrasiyasında və xüsusilə, regionlarda bu sahələrdə fəaliyyət göstərən insanların təhsil probleminin həlli istiqamətində mütərəqqi nəticə verəcək.
Bildirilib ki, memorandumda Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin, mədəni irsinin, turizm potensialının təbliği, habelə tarix, mədəniyyət və incəsənət abidələrinin qorunması, turizm, mədəniyyət və təhsil müəssisələrində çalışan əməkdaşların müasir peşəkarlıq keyfiyyətlərinə yiyələnmələrinə xidmət edən birgə tədbirlərin həyata keçirilməsi və müştərək layihələrin icrası sahəsində əməkdaşlıq nəzərdə tutulur. Sənəddə, həmçinin Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin qorunması, ölkəmizin turizm imkanlarının tədqiqi və turizmin inkişafının elmi əsaslarının hazırlanması istiqamətində birgə konfrans, simpozium və seminarların təşkili, elmi-metodiki vəsaitlərin mübadiləsi, elmi araşdırma menecmentinə əsaslanan təhlil və peşə təcrübəsi mübadiləsi, regionlarda yerləşən turizm xidmət obyektlərinin işçilərinin maarifləndirilməsi və beynəlxalq təcrübəyə əsasən təlimatlandırılması istiqamətində əməkdaşlığın gücləndirilməsi, turizm marşrutları üzərində yerləşən rayonlarda milli-mədəniyyət, etnoqrafik parkların yaradılması sahəsində birgə fəaliyyət və digər məsələlər əksini tapıb.
Tədbirdə memorandumun səmərəli icrası məqsədilə koordinasiya qrupunun yaradılması da qərara alınıb.