AVRATLANTİKA STRUKTURLARINA İNTEQRASİYA AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNDƏ PRİORİTETDİR
Səfər proqramı haqqında ətraflı məlumat verən Robert Simmons Azərbaycan ilə NATO arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərindən, təhlükəsizlik məsələlərindən söz açmış, elm sahəsində qarşılıqlı tərəfdaşlığın inkişaf etdirilməsinə əmin olduğunu söyləmişdir.
Elmar Məmmədyarov Azərbaycan ilə NATO arasında əməkdaşlığın inkişaf dinamikasından məmnunluğunu ifadə etmişdir. Nazir bu yaxınlarda Avropa Birliyi “Üçlüyü” və Azərbaycan Respublikası arasında birgə bəyanatın imzalanmasını xatırladaraq, Avratlantika strukturlarına inteqrasiyanın və qarşılıqlı əlaqələrin genişləndirilməsinin dövlətimizin milli maraqlarına xidmət etdiyini qeyd etmiş, bu tərəfdaşlığın Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulamışdır.
Ermənistanın Azərbaycanın ərazilərini hələ də işğal altında saxlamasının yolverilməz olduğunu söyləyən nazir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin region üçün ciddi təhlükə mənbəyi olduğunu diqqətə çarpdırmışdır. O, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qoşunların tamamilə çıxarılmasının regionda davamlı sülh və təhlükəsizliyə nail olmaq istiqamətində vacib əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.
Azərbaycanın yalnız enerji istehsal edən ölkə deyil, həmçinin tranzit ölkə olduğunun bir daha vurğulandığı görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.